Bu il 80 jurnalist öldürülüb, 60-ı girovluqdadır - “Sərhədsiz reportyorlar”

bu-il-80-jurnalist-oldurulub-60-i-girovluqdadir
Oxunma sayı: 677

2018-ci ilin əvvəlindən bəri dünyada peşəkar fəaliyyətləri ilə əlaqədar azı 80 jurnalist ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının illik hesabatında deyilir. 

Hesabatda qeyd edilir ki, bundan əlavə, 348 nəfər jurnalist fəaliyyəti ilə əlaqədar saxlanılıb, daha 60 jurnalist girovluqdadır, üçündən isə xəbər yoxdur.  “Sərhədsiz reportyorlar” 2018-də jurnalist ölümünün ötən ilki dövrlə müqayisədə 8 faiz artdığını vurğulayıb. 

Ölən KİV işçilərindən 31-i təhlükəli bölgələrdə xidmət öhdəliklərini yerinə yetirən zaman dünyasını dəyişib, 49-u isə sui-qəsd qurbanı olub. 

2018-ci ildə ölən jurnalistlərin əksəriyyəti Əfqanıstandadır. Orada 15 reportyor və kütləvi media əməkdaşı öldürülüb. 

Bu peşə sahibləri üçün təhlükəli ölkələrin altılığına Suriya, Meksika, Yəmən, Hindistan və ABŞ daxil edilib. 

Həbsdə olan jurnalistlərin üstünlük təşkil etdiyi ölkələr Çin, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və İrandır. Ümumilikdə, bu ölkələrdə peşə fəaliyyətinə görə 187 jurnalist həbsdədir.