“Bu il Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq”

bu-il-bakida-boyuk-elektrik-stansiyasinin-acilisini-planlasdiririq
Oxunma sayı: 985

“Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur. Ancaq hələ də həll olunmamış məsələlər var. Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlərin öz həllini tapdığını, ancaq bu prosesin davam etdiriləcəyini söyləyib: “Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi, biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir. Eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır. İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik.

Beləliklə, əgər bu üç məsələ öz həllini taparsa, - mən əminəm ki, bu, belə də olacaq, - biz əlavə 1500 meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan daxili tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik.

Bununla paralel olaraq, bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində işlər getməlidir. İlk növbədə, su elektrik stansiyalarının, günəş və külək stansiyalarının tikintisi. İndi bu sahəyə xarici investorlardan maraq var. Daha doğrusu, Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha onu göstərir ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar, bu barədə düşünürlər. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Çünki bu gün bu sahədə yeni texnologiyalar yaradılır və bu texnologiyalar səmərəliliyi böyük dərəcədə artırır. Hesab edirəm ki, yerli şirkətlər də bu işlərə mütləq fikir verməlidirlər”.

Dövlət başçısı ölkədə qazlaşdırmanın səviyyəsinin 95 faiz təşkil etdiyini bildirib: “Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın”.

Ölkə başçısının sözlərinə görə, içməli su layihələri davam etdirilir: “Giriş sözümdə qeyd etdiyim kimi, təminat 70 faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq.

Meliorativ tədbirlərin görülməsi prosesi davam etdiriləcək. Son iki il ərzində biz hər il 100 min hektar torpağa suyun verilməsini təmin etmişik. Bunların böyük hissəsi o torpaqlardır ki, heç vaxt suvarılmayıb, bir hissəsində suvarma olub, amma lazımi səviyyədə olmayıb. İlkin hesablamalara görə, bu il 80 min hektarda bu işlər aparılacaq. Bu, bizə imkan verəcək ki, məhsuldarlığı və suvarılan torpaqların həcmini artıraq. Bu, çox böyük rəqəmdir və fermerlər, əminəm ki, bunu hiss edirlər.

Son illərdə dörd böyük su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay. Onların tutumu 470 milyon kubmetrdir. Bir neçə anbarda tikinti və bərpa işləri aparılmışdır. Kiçik su anbarlarının tikintisi də gündəlikdə duran məsələlərdən biridir. Hər il dövlət vəsaiti ilə minimum 300 subartezian quyusu qazılır, bunun da çox böyük səmərəsi var”.

Prezident qeyd edib ki, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilib və bu proses davam etdirilir: “Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir”.

İ. Əliyev bildirib ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək: “Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir”.

Prezident hər il 5 milyondan çox insanın pulsuz tibbi müayinədən keçdiyini vurğulayıb: “Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir”.