Bu il əhali ən çox hansı nəqliyyatdan istifadə edib? - Statistika

bu-il-ehali-en-cox-hansi-neqliyyatdan-istifade-edib
Oxunma sayı: 1824

2018-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 milyard 100,8 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 1 milyon 505,2 min sərnişin daşınıb. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artım deməkdir.

Dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 18,0 faiz azalaraq 9,1 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 963,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 1,4 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz artaraq 134,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1 milyon 366,7 min və ya 6,3 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.