Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvotanın artırılması gözlənilir

bu-il-hecc-ziyareti-ucun-azerbaycana-ayrilmis-kvotanin-artirilmasi-gozlenilir
Oxunma sayı: 691

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu il Həcc ziyarəti üçün 1400 nəfərlik limit müəyyənləşsə də, 2200-dən çox şəxs sənəd verib.

Bu şəxslərdən bir qismi hələlik ziyarət xərclərini ödəmədikləri üçün ixtisara düşəcək və bununla bağlı onlara xəbərdarlıq edilib. Buna baxmayaraq QMİ ziyarətə gedənlərin say çoxluğunu nəzərə olaraq nəzərdə tutulan 1400 nəfərlik kvotanı 2 minə qaldırmağı planlaşdırır.

QMİ-dən onu da bildiriblər ki, zəvvarların qruplara bölünməsinə ziyarətə bir ay qalmış başlanacaq.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və ötən həftənin sonu başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət oktyabrın 2-də başlayacaq. Təklif olunan hər iki xidmət variantında limitlər dolub.

 Limitdən artıq sənəd verənlərin ixtisarı isə ziyarəti təşkil edən QMİ rəhbərliyinin qərarından asılı olacaq. Qeydiyyatdan keçənlərin bir qismi hələ də xidmət xərcini ödəmədiyi üçün onların ixtisara düşmə ehtimalı daha böyükdür. Bu il nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.