Bu il meyvə od qiymətinə olacaq

bu-il-meyve-od-qiymetine-olacaq
Oxunma sayı: 1839


Göyçay rayon Qarabaqqal kənd sakini Fuğan Qədirov deyir ki, neçə illərdir rayona belə dolu yağmayıb. Dənələr qoz kimi böyük olub. Gözlənilmədən yağan dolu onları təlaşa salıb. Meyvə ağaclarını qorumaq mümkün olmayıb: “80 yaşım var, hələ belə dolu görməmişdim, evin damını az qala dərmə-deşik edəcəkdi. Maşının şüşəsi sınıb. Bunları yenə düzəlmək olacaq. Ən pisi məhsullumuzun məhv olmasıdır. Ağaclarda dənə də olsun yarpaq qalmayıb. Hələ meyvələri demirəm. Onlar təmiz yanıb. “Parnik”imiz dolunun təsirindən darma-dağın olub”.

Fuğan Qədirov deyir ki, bu il heç kim meyvə əldə edə bilməyəcək. Çünki ağaclar, taxıl zəmiləri, tərəvəz istixanaları pis günə düşüb: “Bizimlə nə maraqlanan var, nə də şikayətimizə baxan. Bütün ümidimizi yay məhsuluna bağlamışdıq. Onları da təbiət məhv etdi.  Dolu dayanan kimi güclü leysan başladı. Azca ümidimiz vardısa da, leysan başlayan kimi bildik ki, heç nə qalan deyil. Bəs biz neynəyəcəyik? İcra hakimiyyətinə müraciət etdik ancaq, baxmadılar. Kənd Təsərüüfatı Nazirliyi isə bizlə heç maraqlanmır. Onların üçün nə əhəməyyəti var ki? Olan bizə oldu”.

İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, xarici ölkələrdə kənd təsərrüfatı sektoru dövlətin himayəsində olur. Çünki bu sektorda gəlirlilik digər sektorlarla müqayisədə daha çox artır. Birbaşa və ya dolayı siğorta vasitəsi ilə bu məhsullar qorunur: “Güclü yağışdan və ya başqa təbiət hadisəsindən fermerə ziyan dəyərsə, bu zaman siğorta onu qarşılamalıdır. Təəsüf ki, bu sistem bizdə fəaliyyət göstərmir. Kənd Təsərrüfatı Nazirliyi belə məsələlərə kənar bir seyirci kimi baxır. Rayonlarda məhsulların məhv olması bazara bir başa təsir göstərəcək. Bazarda təklifin azalmasına səbəb olacaq, bu sübhəsiz ki, qiymət artımına gətirib çıxaracaq. Bu yay kənd təsərrüfatı məhsulları bahalaşacaq”. 

Mayın 28-də isə İsmayıllı rayonuna güclü yağış və dolu yağıb, 10 kəndə ciddi ziyan verib. 15 dəqiqə davam edən dolu ətrafda buz gölü yaradıb. Kəndlərə elektrik verilməsi dayandırılıb. Yağan leysan nəticəsində həyətyanı sahələri su basıb. Son 10 günü ərzində Tovuzda da güclü yağış və dolu müşahidə olunub. Təbii fəlakət bu rayonda da meyvəçiliyə xeyli ziyan vurub. Rayonda yerləşən 15 hektara yaxın meyvə bağı tamamilə məhv olub. Rayonun dağlıq ərazisi olan Ağbulaq, Əsrik-Cırdaxan və Kirən kəndlərində alma, armud, zoğal və digər meyvə bağları ziyan görüb. Rayonun Ərazi Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, bu il meyvəçilikdə məhsuldarlığın aşağı düşməsi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan “BizimYol”a verilən məlumata görə yaxın iki gün ərzində Respublikanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli, lokal, leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi istisna olunmur. «Amma prosesin nə dərəcədə intensiv olmasını bir neçə gün öncədən demək qeyri-mümkündür. Bunun üçün günlər öncədən radar müşahidələri aparılır. Lazımı məlumatlar müvafiq təşkilatlara ötürülür.  Mayın 4-də olan dolu yağışı isə bizim proqnozlarımızda öz əksini tapmışdı”-deyə məlumatda qeyd olunur.

“Bizim Yol” qəzeti