Bu il pomidor ili deyil?

bu-il-pomidor-ili-deyil
Oxunma sayı: 681

Dünya Sakit

“Bu il pomidorun ili deyil...”

Səhər tezdən bazarlıq etdiyim xala deyir bunu. Artıq neçə illərdir meyvə-tərəvəzi istisnasız olaraq ondan alıram: çəkidə aldatmır, satdığı məhsullar keyfiyyətli olur, qiyməti də digərlərindən aşağıdır, nəhayət, istədiyimi özüm seçə bilirəm. Bir sözlə, xala alıcı məmnunluğu üçün bütün şəraiti yaradır. 

Hər il bu vaxtlar ondan 20-30 kq pomidor alıram, qış tədarükü üçün. Bu il hərəkət etmədiyimi görüb özü söz salır, nə əcəb pomidor almadığımı soruşur. Pomidorların keyfiyyətsiz olduğunu deyirəm, cavabı da yuxarıdakı cümlə olur. Daha sonra isə “yaxşılarının hamısını yığıb vururlar Rusiyaya, yerdə qalan yararsızları da camaata satırlar” deyir. 

Amma xalanın xəbəri yoxdur ki, heç Rusiyaya vurulan pomidorlar da keyfiyyətli deyil. Mövsüm başlayandan artıq 2-ci dəfədir ki, Rusiyanın müvafiq dövlət qurumları Azərbaycandan aparılan böyük miqdarda pomidoru geri qaytarırlar.  Sonuncusu elə bu günlərdə - Azərbaycanda pomidor qəfildən 40-50 qəpik bahalaşanda baş verib. Belə ki, Rusiyanın Kalininqrad vilayətində Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ("Rosselxoznadzor") Azərbaycandan gətirilən 18 ton təzə pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verməyib. Rusiya mətbuatının verdiyi məlumata görə, tərəvəz məhsulunda fitosanitar tələblərin pozulduğu aşkar edilib(Report). 

Qeyd edim ki, bundan əvvəl də 20 tonluq partiya geri qaytarılmışdı. Maraqlıdır ki, bu il mövsüm başlayandan pomidorun qiyməti məhz həmin ərəfədə aşağı düşmüşdü – 1,4-1,2 manatdan 70-80 qəpiyə.

İkinci dəfə isə əvvəlcə qiymət heç bir iqtisadi əsası olmadan yenidən 1,3-1,4 manata yüksəldi, bir neçə gündən sonra təkrar 70-80 qəpik civarına döndü – vaxt baxımından  Rusiyadan böyük miqdarda pomidorun geri qaytarılması ilə təxminən üst-üstə düşdü. Bu isə Rusiyanın qaytardığı fitosanitar tələblərə cavab verməyən pomidorun daxili bazara çıxarıldığı şübhələrinin yaranmasına səbəb olur. 

Qeyd edim ki, pomidor ən kaprizli bitkilərdən biridir. Xüsusilə məhsul yetişdiyi ərəfələrdə pomidoru müxtəlif xəstəliklər vurur, meyvələrində sarılıq, qurd əmələ gəlir. Bunun qarşısını almaq üçün onun mərhələli şəkildə dərmanlanması gərəkir. Abşeron ərazisində tərəvəz yetişdirən şəxslərin dediklərinə görə, son illərdə müxtəlif xəstəlik və zərərvericilərə qarşı istifadə olunan dərman preparatları təsirsiz qalır. Bunun əsas səbəbi kimi ölkəyə idxal olunan preparatların keyfiyyətinin aşağılığı göstərilir. Belə ki, son 3-4 ildə tərəvəzçilikdə uzun illər geniş istifadə olunan bir sıra preparatların idxalı dayanıb, bazarda müxtəlif adda əvəzləyiciləri peyda olub. Əsasən Türkiyə və İran istehsalı olan həmin preparatlardan istifadə isə lazımi effekti vermir, meyvə-tərəvəzi ya xəstəlik vurur, ya da zərərvericilər yeyir.

Ümid edək ki, fermerlərin, fərdi təsərrüfat sahiblərinin idxal olunan preparatların keyfiyyətsizliyinə dair getdikcə artan şikayətləri Kənd Təsərrüfatı Nazirliyinin qapılarından içəri daxil olmağa fürsət tapacaq...

Bu arada qeyd edim ki, Azərbaycandan xaricə təzə və soyudulmuş pomidor ixracında xeyli artım var. Belə ki, 2014-cü ildə 55,5 min ton, 2015-ci ildə 65 min ton, 2016-cı ildə isə az qala 2 dəfə çox – 101 min tondan yuxarı pomidor ixrac etmişik. Bu zaman pomidorun 1 kq-nı 2014-2015-ci illərdə təxminən 88 sentə, 2016-cı ildə isə 93 sentə satmışıq. Bu ilin birinci rübündə ixracımız 14 min tondan yuxarı olub – kilosu təxminən 1,1 dollara.

Nə qədər qəribə də olsa, bu illərdə pomidor idxalımızda da sürətli artım qeydə alınıb: 2014-cü ildə cəmi 1,9 ton olan idxal 2015-ci ildə 204,43 tona, 2016-cı ildə isə 17 min 329, 78 min tona çatıb. Bu zaman 1 kq-nın qiyməti 2014-cü ildə 6,21 dollar, 2015-ci ildə 0,43 dollar, 2016-cı ildə 0,45 dollar olub. Cari ilin ilk rübündə isə 24,2 min ton pomidorun kilosunu 0,58 dollara idxal etmişik...