Bu il qar yağmadı, rayonlarda vəziyyət necədir?

bu-il-qar-yagmadi-rayonlarda-veziyyet-necedir
Oxunma sayı: 1996

Bu il qışın mülayim keçməsi, dağlıq və dağətəyi rayonlar istisna olmaqla, əksər bölgələrdə qarın az yağması və ya ümumiyyətlə yağmaması kənd təsərrüfatında məhsuldarlığın necə olacağı ilə bağlı sualların artmasına səbəb olub.  Artıq fevral ayının son günlərini yaşayırıq. Ancaq hələ də ölkəmizdə qar yağmayan bölgələr var. 

İlin nisbətən quraqlıq keçməsi isə əkinlərin kifayət qədər su ehtiyatı toplamamasına şaxtanın az olması bəzi bitki xəstəliklərinin və gəmirici həşəratların da geniş yayılmasına səbəb olur.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, fəslin bu dövründə havaların normadan artıq isti keçməsi gəmiricilərin aktivləşməsinə səbəb olur: “Dağlıq ərazilərdə havanın yağışlı, şaxtalı keçməsi zərərvericilərin məhv olmasına gətirib çıxardır. Ancaq qışda havaların normadan artıq isti keçməsi gəmiricilərin aktivləşməsinə səbəb olub. Bununla əlaqədar olaraq da daima mövsümün bu dövründə taxıl sahələri Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nəzarətində olub. Rayon işçi mühafizə şöbələrinə də tapşırıqlar verilib ki, taxıl sahələrində gəmiricilərə qarşı mütəmadi və davamlı olaraq kimyəvi mübarizə tədbirləri həyata keçirilsin. Bu günə qədər bununla bağlı bizə ciddi bir siqnal daxil olmayıb”.

Onun sözlərinə görə yağışların son günlər intensiv yağması kənd təsərrüfatı üçün müsbər haldır:

 “Hal-hazırda taxılçılıqda kollanma fazasıdır. Bu fazada aran bölgəsində də gübrələrin verilməsinə başlanılıb. Yazlıq əkinlər aprel ayında başlanılır. Buna görə də yağışların yağması yazlıq əkin üçün nəmliyin, rütubətin toplanmasına çox müsbət təsiri var”

Ülviyyə