Bu il Şanxayda “Azərbaycan şərab evi” açılacaq

bu-il-sanxayda-azerbaycan-serab-evi-acilacaq
Oxunma sayı: 1441

Fevralın 13-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinə və Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinə dair mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əməkdaşlıq perspektivlərinə və Azərbaycan nümayəndə heyətinin 5-7 fevral tarixlərində Çin Xalq Respublikasına səfərinə dair məlumat verib. 

Vurğulanıb ki, Azərbaycan-Çin iqtisadi əlaqələri inkişaf edir, ölkəmiz Çinlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Azərbaycan Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. 

Azərbaycanın nəqliyyat və tranzit potensialı, bu sahədə reallaşdırılan layihələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Ələt Azad Ticarət Zonası, həmçinin Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat verən Şahin Mustafayev “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin Çinin “Kəmər və Yol” təşəbbüsü ilə üst-üstə düşdüyünü və Çinin bu dəhlizə böyük marağının olduğunu diqqətə çatdırıb. “Trans-Xəzər Nəqliyyat Dəhlizi”nin üstünlüklərini qeyd edən Şahin Mustafayev dəhlizin xüsusilə coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin 5-7 fevral tarixlərində Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri, eləcə də Konfransda iştirak etmiş Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb, 2 sənəd imzalanıb.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə və tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanları, ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şərait və güzəştlər, Azərbaycanın tranzit potensialı, iqtisadi-ticarət sahəsində Çinlə əməkdaşlıq imkanları, o cümlədən sənaye zonalarına Çin şirkətlərinin investisiya qoyması, Ələt Azad Ticarət Zonasında çinli iş adamlarının iştirakı, investisiya qoyuluşu, sənaye, ticarət, turizm və s. sahələrdə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Görüşlərdə Çin tərəfi Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsinin əhəmiyyətini vurğulayıb, “SOCAR GPC” layihəsinə marağını ifadə edib.

Mətbuat konfransında qeyd edilib ki, Azərbaycan iş adamları bu ildə də Çində keçiriləcək müxtəlif sərgi və tədbirlərdə iştirak edəcək, Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan şərab evi” açılacaq. Bundan başqa, müvafiq memorandum imzalandıqdan sonra Azərbaycana Çindən turist qruplarının səfərləri təşkil olunacaq.

Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və “Azərbaycan dəmir yolları” QSC-nin sədr müavini İqbal Hüseynov da iştirak ediblər.

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.