Bu marşrutların sürücüsü işdən çıxarıldı

bu-marsrutlarin-surucusu-isden-cixarildi
Oxunma sayı: 2357

Bakıda sərnişinlərin həyatını təhlükəyə atan sürücülər işdən azad olunub. Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 49 və 136 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarda sürücülərin yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atması, sərnişinlərlə ünsiyyətdə etik davranış qaydalarına zidd hərəkət etmələrinə dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntülər nəzarətə götürülərək müvafiq qaydada araşdırılıb. 

Hər iki marşrut xətti üzrə daşıyıcı dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahat vermələri tələb edilib. Araşdırma nəticəsində Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 136 nömrəli marşrut xəttində (DQN 90-VU-141) çalışan sürücü Sultanov Orxan Xanməmməd oğlu və 49 nömrəli marşrut xəttində (DQN 90-VS-436) çalışan sürücü Abbasov Elçin Əziz oğlu daşıyıcılar tərəfindən işdən azad edilib. Bununla yanaşı hər iki daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, adı çəkilən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair videomateriallar hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara təqdim ediləcək. Bununla yanaşı, Orxan Sultanov və Elçin Abbasovun gələcəkdə müntəzəm marşrut xəttində sürücü kimi işə qəbul edilməməsi üçün zəruri tədbirlər görülür.