Bu məhkumlarla bağlı qaydalar təsdiqləndi - İctimai iş harda ola bilər?

Bu məhkumlarla bağlı qaydalar təsdiqləndi
Oxunma sayı: 1904

Baş nazir Artur Rasizadə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nı təsddiq edib.

“Qafqazinfo” xəbər verir ki, həmin qaydalara görə, ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növünün və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi, belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların icrası, əmək qanunvericiliyi normalarına və bu Qaydaya əməl edilməklə həyata keçirilir.

Həmin qaydaların bəzilərini təqdim edirik:

2. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri
 
2.1. İctimai işlər cəzasına məhkum olunmuş şəxslər aşağıdakı işlərə cəlb edilə bilərlər:

2.1.1. şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması);

2.1.2. məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması;

2.1.3. yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri;

2.1.4. kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi;

2.1.5. təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması;

2.1.6. ictimai  əhəmiyyətli digər işlər.
 
3. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydaları
 
3.1. İctimai işlər növündə cəzanın icrası bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir.

3.4. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır.

3.5. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı açıq hava altında və kollektiv formada təşkil olunan iş yerlərinə üstünlük verilməlidir.

4. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətləri
 
4.1. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və  ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır. 

4.2. Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

4.2.1. yetkinlik yaşına çatmayanların təhsili və ya əsas işi;

4.2.2. yetkinlik yaşına çatmayanların cinsi mənsubiyyəti;

4.2.3. yetkinlik yaşına çatmayanların yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri;

4.2.4. həyatı qavrama baxışları.

4.3. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin, belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi