“Bu məsələ daha yuxarılar səviyyəsində qaldırılmalıdır”

bu-mesele-daha-yuxarilar-seviyyesinde-qaldirilmalidir
Oxunma sayı: 2730

Bu gün Milli Məclisin yaz sessiyasının ilk komitə iclası baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət komitəsinin iclasında 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilib. İclası açan komitə sədri Rafael Hüseynov bildirib ki, sessiyada, o cümlədən, bu gün keçirilən iclasda “Milli arxiv fondu haqqında” qanuna dəyişikliklər edilməsi, “Türk Mədəniyyət və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri və digərləri müzakirə ediləcək. 

Komitə sədri həmçinin, “Kitabxana işi haqqında” mövcud qanunun 21 il öncə qəbul olunduğunu, bu baxımdan, onun dövrün reallıqlarına uyğun olaraq, yeniləşdirilməsinə ehtiyac yarandığını söyləyib. O, bu günlərdə ölkə prezidentinin kitabxanlarla bağlı fərmanına toxunaraq, bu yöndə bəzi yanlışlıqlara yol verildiyini bildirib: “Bəziləri bunu kitabxanaların ləğvi kimi izah etməyə çalışır. Əslində isə belə deyil. Bu, kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir. Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var ki, onun da qəbulundan uzun dövr keçir. Odur ki, onun da yeniləşdirilməsinə, situasiyaya uyğun olaraq, ona ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Odur ki, bu məsələ də gündəmimizdədir”. 

Komitə üzvü Aqil Abbas çıxışında qeyd edib ki, kitabxanaların olmaması ciddi narahatlıq doğurur: “Nədir-nədir orada işləyənlərə 120 manat maaş veriləcək deyə, kitabxanalar ləğv olundu. Cəmi 3 rayonda kitabxana qalıb, digərlərində yoxdur. Ancaq elektron kitabxanalar var ki, onların da qapıları bağlıdır, heç biri işləmir. Kitabı da əlinə alıb, sinənin üstünə qoyub oxumadın, nə mənası var?! Bununla yanaşı, rayonlarda, bölgələrdə bir dənə olsun, kitab mağazası yoxdur. Hesab edirəm ki, bu məsələ komitəmizin rəhbərliyi ilə daha yuxarılar səviyyəsində qaldırılmalıdır”.

Günel Türksoy