“Bu məsələni Əliyevlə müzakirə etmişəm” - Zurabişvili sərhəddən danışdı

bu-meseleni-eliyevle-muzakire-etmisem
Oxunma sayı: 3457

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Zurabişvili iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin uzun illərdən sonra bərpa olunmasını alqışladığını qeyd edib.

“Bu məsələni Azərbaycana səfərim çərçivəsində Prezident İlham Əliyevlə də müzakirə etmişəm. Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar və bu da tez bir zamanda öz nəticəsini verəcək”, - deyə Prezident vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.