Bu müğənnilərə bir qoz

bu-mugennilere-bir-qoz
Oxunma sayı: 963

Bayraq - hər dövlətin, millətin varlığını sübut edən əsas rəmzdir.

Təsadüfi deyil ki, tarixən döyüşlərdə bayraq öndə aparılıb, idman yarışlarında qalib ölkənin bayrağı qaldırılıb. Onun təhqir edilməsi bağışlanmaz hal hesab olunub.

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Özünü azərbaycanlı adlandıran hər bir vətəndaşın üçrəngli bayrağımızın rəmzini bilmək borcudur.

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Təsadüfi deyil ki, çoxlarımız Bayrağımızın rəngləri və mənasını, gerbimizdə olan nişanların mənasını, himnimizin musiqisini və yazarını, kim tərəfindən, nə zaman hansı şəraitdə yaradılmasından xəbərsizik.

Azərbaycan bayrağından kliplərində istər geyim kimi, istərsə də dövlət atributu kimi istifadə edən müğənnilərimiz var. Aralarında bir neçə dəfə bayrağı tərs şəkildə tutanlara da rast gəlmişik.

Lent.az Azərbaycanın bir neçə müğənnisinin bayraqla bağlı bilgilərini sorğulayıb. Aldığımız cavabları olduğu kimi sizə təqdim edirik:

“Yeni Ulduz-7” müsabiqəsinin qalibi Çingiz Mustafayev: “Mən bildiyim qədəri ilə belə olmalıdır: mavi-dəniz, qırmızı-od, yaşıl-ot... Ay-ulduzların mənasını isə bilmirəm. Bir dəfə demişdilər, yadımdan çıxıb. Türkiyənin bayrağında da ay-ulduzlar var. Xatırlaya bilmirəm”.

Heç kimi bəyənməyən müğənni Əli Mirəliyev: “Hər bir ağıllı adam bu 3 rəngin mənalarını bilir. Mən dəqiq yalan deyərəm, amma bildiyim qədər, belədir: mavi - səmanı, qırmızı - Novruz bayramının gəlişində təbiətinin rənginin dəyişməsi, qırmızı rəngə boyanması, al-əlvanlığı göstərir. Yaşıl – ot, çəmənliyi göstərir. Ay-ulduz isə oğlan və qıza işarədir. Ümumiyyətlə, bayrağımızın hər bir mənası, səmaya, Allaha, təbiətə işarələr verir”.

Əməkdar artist Elza Seyidcahan: “Qırmızı - qovuşmaq, Yaşıl - islam bildirir. Mən həm də onu dirçəliş kimi deyirəm, canlanmanı göstərir. Mavi - türkçülüyümüzü, ay-ulduz Azərbaycanın xoşbəxtliyini bildirir”.

Müğənni Elariz Məmmədoğlu: “Mavi - türkçülük, qırmızı - müasirlik, yaşıl - islamı bildirir”.

Xalq artisti Səməd Səmədov: “Azərbaycan bayrağı Ginnesin rekordlar kitabına düşüb. Ən böyük bayraq bizdədir”. Bayraqdakı rənglərin mənalarını soruşduqda isə Səməd Səmədov telefonu qapatdı. Bir neçə dəqiqədən sonra yenidən zəng etdik: “Mavi - türkçülük, qırmızı - müasirlik, yaşıl - islamçılıq. Ay-ulduzun mənasını isə bilmirəm. Qoca kişiyəm, siz deyin, mən bilim”.

Müğənni Ayan Babakişiyeva: “Mavi - müasirlik, qırmızı - türkçülük, yaşıl - islamiyyəti bildirir”.

Günel Ələkbərova (Pişik Günel): “Mavi, yaşıl qırmızı rənglərdən ibarətdir. Yaşıl - müsəlmançılığı bildirir. Qırmızı... qırmızı nədir? Mavi... nə bilim. Siz birisinizsə, mənim yerimə yazın”.

Stilist Samiraldo: “Bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm. Yaşıl rəng - islam dinini bildirir. Qırmızı - alov, Mavi - səmadır. Ola bilər, mən düz deməyim. Çünki oxumamışam”.

Rəqqasə Oksana: “Yaşıl - deyəsən islam, qırmızı - Türk cümhuriyyətinin...”

Əməkdar artist Ədalət Şükürov: “Mavi - türkçülüyümüzü, Qırmızı - şəhid olanların qanı, Yaşıl - islam dinini bildirir”.

Opera müğənnisi Ülvi Qılınc: “Qırmızı - şəhidlərin qanıdır. Mavi - dinin, Yaşıl - yadımdan çıxıb”.

Xalq artisti Bilal Əliyev: “Mavi - türkçülük, qırmızı - müstəqillik, yaşıl – islamı bildirir. Bir dəfə mən yuxuda aypara gördüm. Mənə dedilər ki, bu Allahın nuru deməkdir. Sonra mən çox kitablar oxudum. Öyrəndim ki, bir çox İslam ölkələrinin bayrağında aypara işarəsi var”.

Müğənni Əlikram Bayramov bir müddət telefonla bizimlə danışdı. Sualı səsləndirdikdən sonra isə “səsimizi eşitmədiyini” söyləyib, telefonu qapatdı.

Beləliklə, yaşadığı ölkənin əsas atributunun mənası bilməyən şou-biznes nümayəndələrinin nəzərinə!

- Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilib və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

Azərbaycan Respublikası Konstitusiyasının 23-cü Maddəsində (Azərbaycan dövlət rəmzləri haqqında) bildirilir:

“Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. İstanbulun fəthindən sonra həmin gerb Osmanlı tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.

Tarixçi Cəbi Bəhramov: "Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur", – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.

Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib".

Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir".