“Bu, müstəqil dövlətin hüquq-məhkəmə sisteminə təzyiq cəhdidir”

bu-musteqil-dovletin-huquq-mehkeme-sistemine-tezyiq-cehdidir
Oxunma sayı: 1656

Həbsdə olan bloqqer Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması ilə bağlı sosial şəbəkələrdə xəbər yayıldı.

Bu xəbərin üzərindən keçən vaxt ərzində istər ölkə daxilindəki qrant müxalifləri, istərsə də xaricdə və bəzi beynəlxalq təşkilatlarda şəbəkələşmiş anti-Azərbaycan dairələri Mehmanla bağlı Azərbaycan hökumətinə qarşı etiraz aksiyaları təşkil etməyə cəhd göstərirlər.

Bununla bağlı ilk növbədə Penitensiar Xidmət rəsmi məlumatlar yaydı. Həmin məlumatlardan aydın oldu ki, M.Hüseynov həbsdə aclıq aksiyası elan edib və bir gün sonra aclığı dayandırıb. Bu rəsmi məlumatlar təcridxanada M.Hüseynovla görüşən Ombudsman, QHT nümayəndələrı və hüquq müdafiəçiləri tərəfindən də təsdiqləndi.

Həmçinin Avropa Birliyi ölkələrinin Azərbaycandakı diplomatik korpusunun nümayəndələrinin təcridxanada M.Hüseynovla görüşü zamanı da rəsmi açıqlamların gerçəkliyi əks etdirdiyi üzə çıxdı.

Bir daha aydın oldu ki, istər daxildəki müxalifət, istərsə də xaricdəki mühacirlər və beynəlxalq təşkilatlardakı anti-Azərbaycan şəbəkəsi təhrif olunmuş məlumatlar üzərindən Azərbaycandakı bir məhbusu öz iradəsinə zidd olaraq siyasi məqsədlərlə istifadə edirlər. Həm də həmin məhbusun guya hər an ölə biləcəyi barədə dezinformasiya yaymaqla siyasi manipulyasiyalar aparırlar.

Ümumiyyətlə, günümüzün bir reallığıdır ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları təşəkkül tapıb və onlar hədəflərinə çatmaq üçün təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyalarının aparılması təcrübəsini geniş tətbiq edirlər.

Həmişə qanunun aliliyi, məhkəmə-hüquq sisteminin müstəqilliyini özünə və tərəfdaşlarına prioritet mövzu elan edən Avropa Parlamenti və digər beynəlxalq dairələr nədənsə M.Hüseynovla bağlı baş verənlərin hüquqi proseslər olmasını və bu məsələlərin cağırış, etiraz və s. kimi siyasi bəyanatlarla həll olunmayacağını, ancaq hüquqi prosedurlarla nizamlanacağını görməzlikdən gəlirlər. Bu, həm də müstəqil dövlətin hüquq-məhkəmə sisteminə təzyiq cəhdidir və biz bunu hüquqi proseslrə siyasi qərarlarla təsir etmək cəhdi kimi qəbul edə bilərik.

Məhz bu istiqamətdə son illər qlobal siyasi müstəvidə "demokratiya", "insan haqları" mövzusu geniş istifadə olunmaqdadır və zaman-zaman bu mövzular ətrafında yaradılmış süni ajiotajın dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadəsi təcrübəsi mövcuddur. Xüsusilə enerji, iqtisadi və təhlükəsizlik sahələrində strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olunmaqdadır.

Avropa İttifaqı özü bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif iqtisadi lobbi qruplarının müəyyən sazişlər öncəsi dividend qazanmaq istiqamətində, qurumun özünə qarşı istifadə olunduğunun fərqindədir. Bu mövzular ətrafında baş verənlərin uzunmüddətli hesabda Aİ maraqlarına hədə olaraq istifadə olunan manevrlərə əsas verməsi artıq bir neçə ildir Avropa qurumlarının strateji və təhlükəsizlik sahəsini araşdıran qurumlarının hesabatlarında öz əksini tapıb.

Bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif siyasi-iqtisadi lobbi qruplarının maraqlarına xidmət etməsi isə göz önündədir.

Biz dəfələrlə Avropa qurumlarında öz daxili nizamnamə və prosedur qaydalarının ziddinə gedilərək, bir çox ölkələr kimi Azərbaycana qarşı siyasi təzyiq təşəbbüslərini hüquqi addımlarla həyata keçirilməsinin şahidi olmuşuq.

Misal üçün, 2017-ci ildə siyasi və icra qurumu olduğu Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycana qarşı addımlarında müstəqil beynəlxalq məhkəmə orqanı Avropa İnsan Haqları Məhkəməsinə təsir etmək cəhdinin şahidi olduq. Bu işin nonses-liyi Avropa İnsan Haqları Məhkəməsinə heç bir təsir mexanizminə malik olmayan, ancaq məhkəmənin qərarlarının nəzarət və monitorinq əsasında tövsiyyə öhdəliyi mövcud olan Avropa Şurası Nazirlər Komitəsi verdiyi siyasi qərarla ölkəmizlə bağlı bir məhkəmə qərarını Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması proseduru başlayıb. Hansı ki, Avropa Şurası Nazirlər Komitəsinin proseduru başlaması üçün sadəcə hüquqi bazası mövcud deyildi və bu Avropa Şurası Nazirlər Komitəsinin müstəqil beynəlxalq məhkəmə institutu olan Avropa İnsan Haqqları Məhkəməsinə birbaşa təsir cəhdi idi .

Bir sözlə, qanunun aliliyindən danışan və digər üzv ölkələri qanunun aliliyinə əməl etməyə çağıran Avropa Şurasının siyasi qərarla hüquqi prosedur başlanmasının şahidi olduq və bu hal bir neçə dəfə təkrarlanıb.

2018-ci ildə AŞPA-da suraqat qurum rolunu oynayan Müstəqil İstintaq Qrupu adlı təsisat Aşpa üzvləri barədə Korrupsiya İttihamları üzrə hesabatın təqdim etdi və qrup fəaliyyəti üçün baza rolunu AŞPA-da 2017-ci ildə qəbul edilən daxili prosedur və etik qaydalara dəyişikliyi nəzərdə tutan “Parlament Assambleyasında üzvlərin məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” sənədi götürdüyü elan olundu. 2017-ci ildə qəbul olunmuş bu sənədin əsasında 2010-cu və daha öncəki illərdə fəaliyyət müddəti bitmiş deputatlara sanksiyalar tətbiq olundu. Sanksiyaların hüquqi cəza elementi olduğunu nəzəra alsaq, hüquqi prosedurların isə keçmişə tətbiq mümkünsüzlüyü nəzərə alsaq, bu prosesin özü AŞPA-nın açıq aşkar nizamnamə pozuntusuna getməsi faktını növbətı etirafi idi.

Bir sözlə, biz Avropa qurumlarında daxili nizamnamə və prosedur pozuntularına, bu halda isə qanun pozuntusuna gedərək ölkəmizə və diğər üzvlərə qarşı təzyiq və təsir göstərmək cəhdlərinin şahidi olduq.

Aİ özü son illər Azərbaycanın məhz Avropa qurumlarında bu istiqamətdə mütəmadi hücumlara məruz qalan dövlət olmasının fərqindədir.

Məhz bu üzdən 2018-ci ildə Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında imzalanmış baza sənədi, Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında danışıqların yekunlaşmasına diqqəti çəkmək istəyirəm. Sənəd tərəfdaşlıq prioritetlərinin yaxın bir il üçün əməkdaşlıq istiqamətlərini müəyənləşdirir və tərəflər arasında münasibətlərdə və ən əsası, qarşılıqlı öhdəliklərdə prioritet olan mövzular sırasında demokratiya və insan haqları mövzusuna ümumiyyətlə toxunulmadı.

Son illər belə bir tendensiya var ki, müəyyən lobbi qrupları, süni şəkildə gücləndirilmiş insan haqqları təşkilatlarının, super güc dövlətlərin bəzən isə mənşəyi məlum olmayan ünvanlardan, dairələrdən maliyyələşən, onların təsiri vasitəsilə çalışan təşkilatlar vasitəsilə dövlətlərə təzyiqlər cəhdlərinin şahidi olduq.

Avropa Birliyi və strateji tərəfdaşları ilə münasibətlərinin, 47 üzv ölkənin müxtəlif siyasi quruplarının təmsil olunduğu AŞ, AŞPA və Avropa Parlamentində dərinləşmiş lobbi qruplarının müəyyən olunmamış prioritetlərin üzərində oynadığı siyası oyunlar ikitərəfli münasibətləri korlamaq məqsədini güdür və məhz bu nüans tərəflər arasında prioritetlərin müəyyənləşdirilməsi ehtiyacını doğurub.

İstər Avropa İttifaqı, istərsə də Azərbaycan nəzərdə tutulan sazişin imzalanması məqsədi ilə münasibətlərdə prioritetləri müəyyənləşdirmək ehtiyacı bu üzdən duydular.

Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış tərəfdaşlıq prioritetləri dair baza sənədi məhz imzalanması nəzərdə tutulan sazişə siyasiləşmiş Avropa qurumları yərəfindən mane olmaq istiqamətində önləyici addım, bloklanması siyasəti idi.

Belə ki, 21 istiqamətdə 8 bənddən ibarət prioritetlər müəyyənləşdirilmiş və prioritetlərdən kənarlaşan istənilən məqam isə təzyiq və təsir cəhdi olaraq qəbul ediləcək.

Yanvarın 17-də Avropa Parlamentində qəbul olunmuş "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnaməni də biz bu tip qərarlar silsiləsindən qəbul edirik və AP siyasi qərarla davam etməkdə olan hüquqi prosedurlarla, müstəqil ədliyyə sisteminə kənar təsir cəhdi kimi dəyərləndiririk.

Nəzərə alsaq ki, Avropa Parlamenti Avropa Birliyinin bir institutudur və bu qurum birliyin vergi ödəyicilərinin hesabına, birliyin üzv və tərəfdaş ölkələri ilə yenə də birliyin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir. Bu halda AP, AB birliyin strateji tərəfdaşı Azərbaycanla münasibətlərin prioritetlərində razılaşdırılmamış bir mövzu ətrafında dinləmə təşkil etməklə, qətnamə qəbul etməklə qurumun gündəliyindən kənara çıxıb və müəyyən mənada səlahiyyətlərini aşıb.

Yeganə Hacıyeva /AzNews.az/