Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və “Azərterminalkompleks” Birliyinə səfəri təşkil edilib.
"Qafqazinfo" xəbər verir ki, “Azərterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov jurnalistlərə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb. Sonra jurnalistlər Birliyin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə də tanış olublar. Bildirilib ki, muzey müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməyə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib. 600-dən çox eksponata malik olan muzeydə yalnız Azərbaycanın deyil, Qərbi Avropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans imperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid “Quran” və “İncil” nüsxələri, ikonalar, müxtəlif dinlərə aid əşyalar toplanıb.
Dövlət Gömrük Komitəsinin Akademiyası barədə məlumatı isə jurnalistlərə Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çatdırıb. Bildirilib ki, hazırda Akademiyada hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə 176 tələbə təhsil alır.
O da bildirilib ki, 2018-ci ildə Akademiyadanı bitirən ilk məzunlardan 16-sı xaricdə və ölkədəki təhsil müəssisələrində magistr dərəcəsi üzrə təhsillərini davam etdirir, 10 nəfəri isə gömrük orqanlarında işlə təmin olunub.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov bildirib ki, dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. O da qeyd olunub ki, Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olub. Hətta “Layma” ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb.
Tədbirdə media qurumlarının 40-a yaxın əməkdaşı iştirak edib.