“Bu oğurluq Moskvaya xoş deyil” - “Eurovision” qalmaqalı böyüyür

bu-ogurluq-moskvaya-xos-deyil-eurovision-qalmaqali-boyuyur
Oxunma sayı: 641

Rusiyada rəsmi səfərdə olan Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Avrovision” yarışmasında Rusiya ilə Azərbaycan arasında yaranan qalmaqala münasibət bildirib.

“Qafqazinfo”nun Rusiya XİN-nə istinadən verdiyi xəbərə görə, Məmmədyarov Azərbaycanın Rusiyaya bal verdiyini, lakin səslərin hara getdiyinin naməlum qaldığını vurğulayıb. Eyni zamanda nazir bu məsələ ilə Azərbaycan İctimai Televiziyasının məşğul olduğunu və İTV –nin də bununla bağlı bəyanat verdiyini diqqətə çatdırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiyanın səslərinin “yoxa çıxmasına” münasibət bildirib:

“Moskva “Avrovision-2013” yarışmasında finalistlərin səslərinin hesaba alınması zamanı rusiyalı təmsilçimizin səhvən Azərbaycandan heç bir səs ala bilməməsi Moskvanı dilxor edib. Bizim təmsilçimizin 10 balının oğurlanması ilk öncə bu tədbirin təşkilatçılığının necə təşkil olunması baxımından bizi sevindirmir. Biz Elmar Məmmədyarovla danışdıq ki, Azərbaycan İctimai Televiziyası hüquqi məsələləri aydınlaşdırdıqdan sonra bu xoşagəlməz aksiyanın cavabsız qalmaması üçün birgə addımlarımızı razılaşdıracağıq”.

Qeyd edək ki, bir neçə gün öncə baş tutan yarışmada Rusiyanın Azərbaycana 12 bal verməsinə rəğmən, Azərbaycandan bu ölkəyə bir bala belə verilməməsi hər iki ölkədə böyük təəccüb doğurub. Məsələ ilə bağlı Azərbaycan tərəfi rəsmi açıqlama verərək əslində rusiyalı təmsilçiyə 10 bal verildiyini, lakin səslərin yoxa çıxdığını bildirmişdi. Yaranmış gərginliyin aradan qaldırılması və baş verənlərin araşdırılması üçün prezident İlham Əliyev də xüsusi göstəriş verib.