“Bu, onların gələcəyi üçün çox önəmlidi” - Rəşad Sadıqov

bu-onlarin-geleceyi-ucun-cox-onemlidi
Oxunma sayı: 2135

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilən səfər oyununu şərh edib. "Qafqazinfo" xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin gücü, səviyyəsi bəllidi. Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidi.

Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi.

Son dörd oyunda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdıq. Nəticəyə fikir vermədən daim onlara şans verdik. Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel olaraq çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu barədə daim milli komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 oyunda bir çox oyunçu debüt etmək imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq”.