“Bu, onun öz problemidir” – Məleykə Abbaszadə

bu-onun-oz-problemidir-meleyke-abbaszade
Oxunma sayı: 652

"Müəlliflərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orta məktəblərdə dərslikləri yoxlamasından narazı qalması onların problemidir." “Qafqazinfo” xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu yoxlamalar ölkə prezidentinin tapşırığı əsasında həyata keçirilir. İndiyədək I, III və IV siniflərin dərsliklərinin monitorinqi başa çatdırılıb, II sinif üzrə aparılan monitorinqin nəticələri gələn həftə Təhsil Nazirliyinə göndəriləcək: “Dərslik müəlliflərinin obyektiv və subyektiv fikirləri ola bilər, amma riyaziyyat elmi ümumbəşəri elmdir. I və IV siniflərdə riyazi qanunları eynidir. Dərsliyin müəllifi bununla razı deyilsə, bu, onun öz problemidir. Bu, digər fənnlərə də aiddir. Əgər müəllif bu monitorinqdən razı deyilsə, əminəm ki, nazirlik düzgün qərar verəcək. Çünki Təhsil Nazirliyi müəllifin deyil, təhsilin hüquqlarını müdafiə edir”.

TQDK sədri diqqətə çatdırıb ki, təhsil sistemi iqtisadiyyatın tələblərinə uyğun olaraq müəyyən qədər dəyişməli və bununla bağlı islahatlar aparılmalıdır. Azərbaycanda işə qəbulla bağlı vakansiyalar var, amma məzunların işə qəbulu ilə bağlı problemlər yaranır. Buna səbəb bilik səviyyəsinin əmək bazarının tələblərinə tam cavab verməməsidir.