Bu qədər düşük olmayın!

bu-qeder-dusuk-olmayin
Oxunma sayı: 2799

Seymur Verdizadə

Sosial şəbəkələr gözümüzün qabağında sürətlə enerji qəbiristanlığına çevrilir. Virtual ünsiyyət özlüyündə vacib tarixi yenilik olsa da, biz onu məişət səviyyəsinə endirməklə çoxdan gözdən salmışıq. Azərbaycanlıların aktiv iştirak etdiyi sosial şəbəkələrdən bozbaş qoxusu gəlir.

Facebook çoxdan ailə albomuna çevrilib. Bu sosial şəbəkənin istifadəçisi olan kişilər təkcə özlərinin deyil, həm də arvad-uşaqlarının şəkillərini burda rahatlıqla paylaşa bilirlər. Qaşınmayan yerdən qan çıxarmağa meylli olmadığım üçün bu fakta dözümlü yanaşıram. Təki, kişilərimiz ailəcanlı olsunlar, arvad-uşaqlarının qədrini bilsinlər, onlara qayğı göstərsinlər. Amma dərd burasındadır ki, insanlar təkcə şəxsi həyatlarındakı uğurları ictimailəşdirməklə kifayətlənmirlər. Evinin, maşınının, həyətindəki ağacların, hətta tövlədəki uzunqulağının şəklini sosial şəbəkələrdə yayanlar da var. Virtual aləmdə bu cür düşük adamlardan uzaq dayanmağa çalışsam da, onlar hər addımbaşı qarşıma çıxırlar.

Virtual məkanda dostluq etdiyim bir qadın üç-dörd gün əvvəl sosial şəbəkələrdə çirkli evinin şəklini yerləşdirərək, bu məzmunda şərh yazmışdı: “Günorta olsa da, bizim evimiz hələ yığışdırılmayıb”.

Doğrudan da, evdə zibil dizə çıxırdı. Uşaqların oyuncaqları ətrafa səpələnmiş, köhnə paltarlar səliqəsiz şəkildə divanın üstünə qalaqlanmışdı. Şəklə diqqətlə baxanda çirkli boşqabların ətrafında dövrə vuran mişləkləri də aydın görmək olurdu. Əvvəllər qadınlar təmizkar olmaları ilə fəxr edirdilər. Amma indi pintilik qəbahət sayılmır. Hətta bunu açıq-aşkar nümayiş etdirən, öz səliqəsizliyi ilə öyünənlər də var. Həmin şəkildə diqqətimi ən çox cəlb edən məqam bu olmuşdu: evdə zibil dizə çıxsa da, qadın əyninə təzə paltar geyinmiş, saçlarını səliqə ilə daramış, dodaqlarını boyamışdı...

Uzun aradan sonra bu mövzuya yenidən qayıtmağıma rəvac verən səbəb isə başqadır. Üç-dörd gün əvvəl, qısamüddətli iyun yağışının Bakını selə-suya qərq elədiyi bir vaxtda evdə uşaqların ikisi də dondurma istədi. Uşaqların bu arzusunda təəccüblü heç nə olmasa da, onları sorğu-sual etməyə başladım. Beləliklə, məlum oldu ki, Şahinin virtual aləmdə dostluq etdiyi bir nəfər övladları üçün aldığı dondurmaların şəkillərini sosial şəbəkələrdə yayıb. Çaşıb qaldığımı görəndə uşaq özü izahat verdi: “Ata, bunlar bahalı dondurmalardır...”

Axşam həyətə düşəndə həmin dondurmaların adlarını bir parça kağıza yazıb, cibimə qoydum. Jurnalist marağı güc gəldiyi üçün küçədə qarşıma çıxan ilk marketə girib, qiymətlərlə maraqlandım. Məlum oldu ki, təxminən mənimlə həmyaşıd olan həmin kişinin uşaqları üçün aldığı dondurmalardan birinin qiyməti 1 manat 70 qəpik, digərinin qiyməti isə 2 manatdır. Həmin vaxt beynimdə ancaq bir fikir dolaşırdı: yaxşı ki, bu adamın Mayamidə villası yoxdur. Yoxsa, hər gün zəhləmizi tökərdi...

Dostlarım bilirlər, mən də sosial şəbəkələrdə tez-tez şəkillər paylaşıram. Məsələn, ötən həftə Astarada olanda “Ulduz” filmində rəhmətlik Lütfəli Abdullayevin yatdığı çardağın şəklini çəkib yaymışdım. Ərçivan kəndində görüşdüyüm bir ağsaqqal isə mənə həmin filmdə Möhsünlə Nazikin “Çarliston” oynadıqları vaxt dananın başını və ayaqlarını tərpətməsinin sirrini açmışdı. Mən dərhal bu faktı yazıb, sosial şəbəkələrdə dostluq etdiyim insanları məlumatlandırmışdım. Yaxud üç gün əvvəl İsmayıllı rayonunun Buynuz kəndində olanda “Ögey ana” filminin ölməz qəhrəmanı İsmayılın məşhur “Kəndimiz” mahnısını ifa etdiyi ağaca çıxıb, orda şəkil çəkdirmişdim. Virtual aləmdə dostluq etdiyim insanları yaxşı mənada təəccübləndirmək məqsədilə 105 kq çəkimə rəğmən, filmin sonunda İsmayılın Cəmilə üçün itburnu çiçəyi dərdiyi qayayaya çıxıb, həmin itburnu kolunun da şəklini çəkmişdim. Məqəsdim təkcə Azərbaycan filmlərinin kadrarxası məqamları barədə dostlarıma məlumat vermək deyil. Mən bu yolla həm də bölgələrimizə turist axınının güclənməsinə töhfə vermək istəyirəm. Həmin şəkilləri sosial şəbəkələrdə yayandan sonra ən azı 10-15 nəfər mənə zəng vurub, “Ulduz” filmində Lütfəli Abdullayevin yatdığı çardağı görmək, Züleyxanın Məhəmmədi çolpaya qonaq etdiyi həmin həyətdə şəkil çəkdirmək arzusunda olduğunu bildirib. İsmayılın “Kəndimiz” mahnısını oxuduğu ağaca çıxmaq istəyənlər isə daha çoxdur.

Demək istədiyim odur ki, sosial şəbəkələrdə şəkil paylaşanda onun ictimai yükünün nədən ibarət olduğunu bilmək, həmin şəkillərin cəmiyyətə faydalı olub-olmadığına diqqət yetirmək lazımdır. Kiminsə evində milçəyin sağdan sola, soldan sağa vızıldamasının şəxsən mənə zərrə qədər də aidiyyatı yoxdur. Özünüzə hörmət etmirsinizsə, heç olmasa, sosial şəbəkələrdə dostluq etdiyiniz adamlara hörmət edin!