Bu rayonda da adsız məzarlar var...

bu-rayonda-da-adsiz-mezarlar-var
Oxunma sayı: 2071

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.  O, növbəti yazısında Digah və Güzdək kəndindəki adsız məzarları araşdırıb. Bununla bağlı yazısını “Qafqazinfo”ya göndərib. 

Digah kəndinin coğrafi mövqeyinə uyğun olaraq ətrafında yerləşən “Uzun məndəcar” adlanan yüksəkliyin ətəyində tarixi VII əsrə aid edilən qəbiristanlıq vardır. Bu ərazi həm də 1918-ci ilin iyun-iyul aylarında quldur hayların xalqımıza qarşı törətdiyi soyqırım facilərinin döyüş meydanı olub. Belə ki, müzəffər 5-ci Qafqaz İslam Ordusunun xilaskar döyüşçüləri Pirşağı kəndi istiqamətindən gələrək haylar tərəfindən işğal edilmiş bu kəndi azad etmək üçün həmin yüksəklikdə şiddətli döyüşlər aparıblar. Səngər izləri ilə yanaşı bu yüksəkiyin yamacında, qəbirstanlıqdakı XIX  əsrə aid olan  “Sümahi türbəsi”ndən 25-30 m aralıda 15-ə qədər naməlum şəhid türk döyüşçülərinin məzarlarının yeri hələ də qalmaqdadır.  Həmin vuruşmada türk ordusunun döyüşçüləri ilə çiyin-çiyinə vuruşan yerli igidlərdən 8 nəfəri də (Məşədi Qəni Ələkbər oğlu (1860-1918), Şahmurad Ağamurad oğlu (1855-1918)...) şəhid olmuş və kənd qəbirstanlığında dəfn olunublar. 

Kənd ağsaqqalı Zahir Cavanşir oğlu Ağayevin (1947)  söyləməsinə görə keçən əsrin 60-70-ci illərində adı çəkilən yamacda torpaq sürüşməsi nəticəsində bir neçə qəbrin üstü açılmış, şəhid döyüşçülərlə basdırılmış onlara məxsus əşyaların (silah qundağı, dəbilqə, tüfəng lüləsi) səthə çıxması ilə nəticələnmişdir. Hazırda həmin ərazidə şəhid türk döyüşçülərinin məzarlarının qalıqlarının və yerinin  nişanələri qalmaqdadır.   

 Güzdək kəndinin ətrafı Ləngəbiz dağlıq tirəsinin qurtaracağını tutan “Bəyaz dağ”, “Qırxqız yüksəkliyi” ilə əhatə olunan Abşeron rayonunun Güzdək kəndinin dinc və zəhmətkeş əhalisi 1918-ci ilin hay-daşnak quldurlarının soyqırımını döyüş səngərlərinin yeri ilə və xatirələrdə yaşayan qəhrəmanlıq səhifələri ilə yaşadır. Bu döyüşlər qardaş türk əsgərlərinin şücaəti və yerli igidlərin əzmkarlığı, mərdliyi ilə baş verib.

 1918-ci ilin iyun-iyul aylarında Bakı şəhəri və ətraf kəndlərini mənfur düşmən qırğınından qorumaq üçün 5-ci Qafqaz İslam Ordusunun qərargahı kənd sakini Kərbəlayi Murad Bəndalı oğlunun (1855-1934) evində olsa da, döyüş səngərləri  yuxarıda adı çəkilən yüksəklikləri əhatə etmişdir. Təsadüfi deyil ki, “Qırxqız yüksəkliyi”nin ətrafında indi “Hişangah” adlanan  yer həmin döyüşləri tarixini özündə yaşadır. 

Güzdək kəndindəki döyüşlər zamanı türk ordusunun əsgərləri şəhid olmasalar da, ətraf yaşayış məntəqələrində (Xırdalan, Qobu, Hökməli, Biləcəri, Xocasən kəndləri) yaralanan döyüşçülər vəfat etdikdən sonra (kənd sakini Baba Abas oğlu Daşdiyevin ata babasının evi o zaman hospital olmuşdur) onları kənd qəbiristanlığında dəfn etmişlər. Bu qəbirlərin sayı 20-ə qədərdir və qəbirstanlığın ayrı-ayrı yerlərində nişanələri qalmaqdadır.