“Bu şər dəfələrlə “Azərsun Holdinq”in üzərinə atılıb”

bu-ser-defelerle-azersun-holdinqin-uzerine-atilib-
Oxunma sayı: 1613


“Qafqazinfo” xəbər verir ki, “Azərsun Holdinq” Rusiyada yaratdığı şirkəti vasitəsilə PKK teror təşkilatına hər ay 1 milyon dollar pul köçürməsi ilə bağlı bir sıra mətbu orqanlarında yazılan xəbərləri əsassız adlandırıb:

“Mətbuatımızın 138-ci ildönümü ərəfəsindəyik. Təəssüf ki, bu əlamətdar tarixi  mətbuatımızın adına yaraşmayan, uydurma xəbərlər istehsal edən, əsassız şayələrə söykənərək xəbər yayan KİV-lərin mövcudluğu ilə qeyd edirik. Ucuz sensasiya, maddi gəlir güdmək, şəxsi mənafelər naminə insanlar və şirkətlər  hədələnir, adlarına ləkə yaxılır. Ölkəmizin düşmənləri də, belə xəbərlərə istinad edərək Azərbaycan dövlətinin beynəlxalq imicini aşağa salmağa, ayrı-ayrı dövlətlərlə  qurduğu isti münasibətləri pozmağa yönəlmiş məqalələr dərc etdirirlər. 

Son vaxtlar bir sıra yerli qəzetlərin tanınmış şəxslər və şirkətlər barədə etibarsız mənbəyə əsaslanaraq hazırladıqları məqalələrə görə məhkəmələrə verilməsinin, qanun qarşısında çıxılmaz vəziyyətdə qalmalarının, nəhayət ən sonda utanmadan təkzib vermələrinin tez-tez şahidi oluruq. Bu cür hallar oxucular arasında həmin qəzetin hörmətini itirir.

Bu gün ölkəmizdə elektron media “bum”u yaşanır. Təxminən 500-1500 manat ödənilərək xəbər saytları əldə edilir. Bir-birilərini təkrarlayan bu saytlar  gecə-gündüz tanınmış şəxslərin və şirkətlərin adına qara yaxmaqla məşğul olurlar. Sonuncu belə yazılardan biri, az qala Azərbaycanın müstəqilliyi ilə bir yaşda olan “Azərsun Holdinq” barədə idi. Jurnalist “Türkiyə mətbuatı tərəfindən açıqlanıb” sübutunu göstərərək, guya “Azərsun Holdinq”in Rusiyada yaratdığı şirkəti vasitəsilə PKK teror təşkilatına hər ay 1 milyon dollar pul köçürdüyünü yazır. Əslində bu şər dəfələrlə “Azərsun Holdinq”in üzərinə atılıb, Azərbaycan-Türkiyə münasibətlərinə ziyan vurmağa cəhd edilib. Lakin  “Azərsun Holdinq”in fəaliyyəti ilə yaxından tanış olanlar, onun gördüyü işləri izləyənlər yaxşı bilirlər ki, bu şirkət Azərbaycanda hər ay ən azı 1 milyon dolları xeyriyyəçilik işlərinə sərf edir. 

Holdinq “PKK” ilə deyil, Türkiyə dövləti ilə sıx münasibətlər qurub, iki ölkə arasında dostluq əlaqələrinin daha da genişlənməsinə töhfələr verir.  Türkiyənin rəsmi şəxsləri “Azərsun Holdinq”in fəaliyyətini yüksək qiymətləndirir, qardaş ölkədən bura səfər edən nüfuzlu rəsmi və qeyri –rəsmi şəxslər holdinqin müəssisələrini ziyarət edirlər. 2008-ci ildə “Azərsun Holdinq”in maliyyə dəstəyilə inşa olunmuş Bakı Türk Anadolu Litseyinin yeni tədris korpusunun açılışında qırmızı lenti  Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Abdullah Gülün kəsməsi,  2011-ci ildə “Cankaya” köşkündə Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən  “Azərsun Holdinq”in İdarə Heyətinin sədri cənab Abdoolbari Goozalın qəbul edilməsi səmimi münasibətlərin mövcud olduğuna, Türkiyə tərəfindən holdinqin fəaliyyətinin yüksək qiymətləndirildiyinə bariz nümunədir.

Məqalədə daha bir ağ yalan,  “Azərsun Holdinq”in Rusiyadakı şirkəti ilə bağlıdır. İmkanları genişlənən holdinq müxtəlif ölkələrə sərməyə qoyur ki, bunlardan biri də Rusiyadır. Bu ölkədə holdinqin çay fabriki istifadəyə verilib, hazırda isə konserv zavodunun tikintisi aparılır. Həmçinin “Azərsun Holdinq” istehsal etdiyi geniş çeşidli məhsullarını Rusiyaya ixrac edərək, oradakı nümayəndəliyi vasitəsilə satışını həyata keçirir.

“Azərsun Holdinq” redaksiyalar və jurnalistlər ilə isti münasibətləri qurmağı bacarmış nümunəvi şirkətlərdəndir. İllərdir holdinqlə sivil əlaqəsi olan mən və bir çox jurnalist həmkarlarım bu şirkətin  missiyası, gördüyü nəhəng  işlər ilə yaxından tanışdırlar. Əsassız, şər, məqsəd güdən yazılar  məni təəssüfləndirir. Bunu da hər kəs bilməlidir ki, “Azərsun Holdinq”in bölgədə iri ərzaq şirkəti kimi formalaşmasını istəməyən qüvvələr çoxdur. Belə, qüvvələr Türkiyə və digər qonşu ölkələrdə də mövcuddur. “Azərsun Holdinq” Azərbaycanı idxal məhsullarının işğal etməsinin qarşısını alır, xaricə ölkələrə məhsullarını ixrac edərək iri transmilli qida şirkətlərinin bazar payına şərik olur.  Uğurlarımızı gözü götürməyən xarici qüvvələr yaxın olduğu mətbuat orqanlarında böhtan xarakterli yazılar dərc etdirir, 

Türkiyə mətbuatında “Azərsun Holdinq”in PKK-nı maliyyələşdirməsi barədə verilmiş sübutsuz məlumatlar (əgər jurnalist həmkarımızın “Türkiyə mətbuatı tərəfindən açıqlanıb” dediyi doğrudursa) da buna misal ola bilər. 

Əziz həmkarlar! Biz Azərbaycanın iqtisadi inkişafında payı olan, yeni-yeni formalaşan milli brendlərimiz barədə yazarkən diqqətli olmalıyıq. Bu şirkətlər minlərlə insanlar üçün çörək qapısıdır, milli naliyyətimiz, ərzaq təhlükəsizliyimizdir. Hər bir jurnalist ümumi maraqları dərk etməli, xarici mətbuatda çıxan məlumatları dərindən araşdırmalı, xarici qüvvələrin təhrikinə uymamalıdır.

Ölkəmiz iqtisadiyyatı, hərbisi ilə Cənubi Qafqazda lider olduğu kimi, sağlam jurnalistikamız ilə də öndə olmağa çalışmalıyıq. Ümid edirəm ki, qarşıdakı illərdə bəzi mətbuat orqanları  peşəkarlığa, dəqiqliyə yer verəcək, müstəqil Azərbaycan dövlətinin güclənməsi, inkişafı  üçün çalışacaqdır.

Bütün həmkarlarımı Milli Mətbuat günü münasibətilə təbrik edirəm, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Seymur Yunusov