Bu sərəncam 20 mindən çox adama şamil olunacaq

bu-serencam-20-minden-cox-adama-samil-olunacaq
Oxunma sayı: 2623

Prezidentin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 12556 şəhid ailəsinə şamil olunacaq.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sərəncamla şəhid ailələrinə  prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün  dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat  əlavə vəsaitin ayrılması təmin olunacaq. 

Prezidentin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14134 nəfərini Azərbaycanın  ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait  ayrılacaq.

Növbəti Sərəncam - “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Sərəncam isə 307 nəfərə şamil olunacaq və onlara Azərbaycan Prezidentinin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək. 

Qeyd olunan üç sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə  33,6 min nəfəri əhatə edəcək və həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün  dövlət büdcəsindən ilin sonunadək təqribən 6 milyon manata yaxın əlavə vəsait ayrılacaq.