Bu sərgidə 277 şirkət iştirak edəcək

bu-sergide-277-sirket-istirak-edecek
Oxunma sayı: 833

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi keçiriləcək. Sərgi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı – “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşəcək.

“Qafqazinfo” xəbər verir ki, 17-ci dəfə təşkil olunan sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edəcək.

Xəzəryanı regionun turizm sənayesinin əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Bu fikirləri “AİTF 2018” sərgisinə həsr edilmiş mətbuat konfransında “İTE Group” şirkətinin regional direktoru Edvard Stroon deyib. O bildirib ki, “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AİTF” sərgisində bu il 20 ölkəni təmsil edən 277 şirkət iştirak edəcək. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. 

İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi isə Bolqarıstandır.