“Bu, son illərdəki rekord göstəricidir” - Səfər Mehdiyev

“Bu, son illərdəki rekord göstəricidir”
Oxunma sayı: 1818

""Sınıq Körpü" sərhəd keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.  Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək.  Bu yeni bir modeldir. Hesab edirik ki, bundan sonra həmin mərkəzin vasitəsilə sözügedən məntəqədə sıxlığın aradan qaldırılması prosesi baş tutacaq".

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 8 ay ərzində komitədə bir sıra struktur islahatları aparılıb: "Komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 Baş İdarə, Komitənin aparatında yeni Baş İdarələr və İdarələr yaradılıb.  Bu da kadr çatışmazlığının aradan qaldırılmasına xidmət etdi. Dövlət Gömrük Komitəsinin  strukturlarının müasir Avropa standartlarına uyğun yaradılması, yeni idarəetmə prinsipləri ilə şəxslərə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Aparılan geniş miqyaslı struktur islahatlarının davamı olaraq bu vəzifələrə daha bacarıqlı, mütərəqqi intelektə və biliyə malik olan peşəkar kadrların təyinatı idaərəetmənin çevikliyini, eyni zamanda hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini, məmnunluğunu təmin edəcək.

Bu il Hava Nəqliyyatında Baş Gömrük İdarəsi  1 milyon 500 min insana xidmət göstərib.  Bu da son illərdə rekord göstərici hesab oluna bilər.Təkcə " Qırmızı körpü" sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilib".

S.Mehdiyev qeyd edib ki, aparılan islahatlar dövründə öz təşəbbüsü ilə, pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə, xidmətdə olmanın son yaş həddinə çatdığına görə və digər səbəblərdən 250 nəfərdən çox gömrük əməkdaşı gömrük orqanlarında xidmətinə xitam verilmiş, test üsulu ilə imtahanda iştirak edən və daha yüksək bal toplayan 222 nəfər müvafiq vakant yerlərə işə qəbul olunub: " Bu müddətdə həmçinin 6155 min hüquqpozma faktı qeydə alınıb. Bu faktlardan 458-i cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 6 milyon 135 min manatdan çox təşkil dib.  Bu əməllərin törədilməsində şübhəli bilinən 496 nəfərin (392 Azərbaycan vətəndaşı, 104 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb. 

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150 fakt qeydə alınıb.  Bu da 1 ton 19 kq 906 qram narkotik vasitə deməkdir.  169 nəfər narkotik vasitə keçirən şəxs tutulub. Onlardan 132-si  Azərbaycan vətəndaşı, 37-si isə əcnəbi olub. 2018-ci ilin 8 ayı ərzində  narkotiklər əsasən cənub istiqamətində ölkəyə gətirilərkən aşkar edilərək qarşısı alınıb.

Komitə sədri həmçinin əlavə edib ki, struktur islahatları komitədə ixtisara səbəb olmayıb: " Sadəcə təkrarlamalar aradan qaldırılıb".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi