Bu şortik ki var…

bu-sortik-ki-var
Oxunma sayı: 3870

Raminə Eyvazqızı

Çox gözlədim, bəlkə bu pambıqçıların zəhərlənməsi və şortik geyinən, söyülən qızın məsələsinin müzakirəsi bitsin, bitmir ki, bitmir. Səbəblər çoxdur. Ən əvvəl ona görə ki, artıq insanlar vacib məsələləri müzakirə obyektinə qoymaqdan çəkinib durublar kənarda. Ciddi mövzular çoxunu maraqlandırmır,  çünki dərinliyinə gedəni yoxdur. Hamı az qala evində kompyuter arxasında oturanda belə, sosial şəbəkədə vacib məsələləri deməkdən qorxur. Ən azı neqativ halın adını çəkmək xofunu yaşayırlar. 

Misal üçün, filan şəxs 1000 manata sürücülük vəsiqəsi verməyə söz verib. Həmin şəxsin adını desə, ona bu məlumatı verənlə problem olacaq deyə susur. Bu məqamı yaxşı hesaba alırlar, qəşəng bilirlər zərbə haradan gələcək. Ucdantutma yersiz, mənasız söhbətlər barədə fikir yürütməyə nə var ki. Biz ağılla –kamalla oxuduqlarımızın yox, baxıb eşitdiklərimizin müzakirəsini etməyə həvəsliyik. 

Pambıqdan başlayaq. O vaxtlar Sovet bağçası uşağı olanda mənə “ağ qızıl” sözünü başa sala bilmirdilər. Pambıq niyə qızıl olsun ki? Amma olmuşdu. Rus imperiyası həmin pambığımızla 14 respublika camaatının alt paltarından tutmuş əksər məhsulun istehsalını təmin edirdi. Sonra pambıq yavaş-yavaş yox oldu, əvvəzinə pambıqla ağır söhbətlərə görə baş kəsənlər peyda oldu. Pambıq əkib becərmək istəməyən, geyimini Çinin keyfiyyətsiz tekstil məhsulu ilə yola verən böyük bir insan kütləsi formalaşdı. Türkiyənin “100% cotton” vədli qondarma məhsullarına inandırdılar. Hələ də həmin keyfiyyəsiz pambıq məhsullarını geyib gəzirik.

Pambığın şöhrətini geri qaytarmaq yaxşı fikir idi. Baxmayaraq ki, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım kimi qurultayların birində pambıqçılıqdan danışan qadın liderimiz olmadı, H.Z.Tagıyevin dağıdılmış toxuculuq fabriki dirilmədi, AMEA-nın Seleksiya və Genetika İnstitutunun  domino ilə vaxtöldürən alimləri dilə gəlmədi. Amma camaatı güclə pambıqçı etmək kimi islahatın məğzini anlamadıq. 

Pambıq yetişdirmək ikinci dəfə dəbə gələndə insanların həyatına hardasa  “bezdirici  məhsul” kimi daxil oldu. Çoxunun gileyini eşitməyə bilmirsən, “çəkilən zəhmətə dəyməz” deyimləri dolaşır. “Pambıq sevdalı” insanların ərköyünlüyü o qədər böyüyüb ki, bir-birinin arxasınca  bəd xəbərləri eşidirik. Ağızlarını xeyirliyə açmayanların çoxunun hələ də hansı səbəbdən zəhərlənməsi məlum deyil. Anoloqu olmayan laboratoriyaların  operativliyinə, şəffaflığına quzu da kəsə bilmirik. Çoxversiyalı, dedi-qodu xəbərlərindən o yana getmirik.  Dərmanlama işinə baxanlar özlərini müdafiə edir, zəhərlənənlər arasında uşaqların olması adamı üzür. Biri deyir, baş verənlər qida zəhərlənməsidir, biri deyir kimisə işdən çıxsrmaq üçün planın bir hissəsidir.  İnsanların sağlamığını təhlükədə qoymaqda ittiham olunan Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarəti Xidmətinin rəis postundan  çıxarılan Camal Quliyev təzədən Qida Təhlükəsizliyi Agentliyinə vəzifəyə gətirilir. Maraqlısı ondadır ki, zəhərlənmə faktlarına dair məlumatları elə yeni yaranmış Qida Təhlükəsizliyi Agentliyi yayır və bu da pambığın bəlasına düşənlərin elə məhz qidadan zəhərlənməsi versiyasını gücləndirir. Amma bizim fikir, münasibət yenə də sadəcə havaya söz deməkdən başqasına çatmır.

Bu ayın əvvəlində də ölkə rəhbərinin sərəncamıyla Tovuzun yeni icra başçısı vəzifəsinə təyin olunan Məmməd Məmmədov haqqında da söhbətlər gedir. Ona el arasında “zəhər Mamed” deyirlərmiş, səbəbi  M. Məmmədovun bitkiçilik sahəsində zərərvericilərə qarşı kimyəvi preparatların (pestisidlər) hazırlanması ilə məşğul olan obyektinin olmasıdır. Camaat nə isə bilməsə danışmaz, indi də gözümüz Tovuzda olmalıdır. Nə deyim, vallah.

Çox istəyərdim, ölkəmiz pambıqçılığını səliqə-səhmanla, könüllü insanların köməyi ilə inkişaf etdirsin. Camaatımızın altını, üstünü öz məhsulumuzdan əmələ gələn geyimlə təmin edək. Pambıq şortik belə tikək, bəlkə onda öz şortik standartımız olar, eybəcər xarici məhsulu dəb geyə bizimkilərə geyindirməzlər də. Çarə axtarıram, neyləyim.   

Başına döndüyüm ölkəmdə insanlarımız paltarlarını  belə başqalarına görə geyinir. Elə şortikin özünü də. Sərinləmək kimi geyinənlər  bəlkə də sayla olar, əcnəbi turistlərin yeri məlum . Bu yazıq geyimə görə, eşitmədiyimiz söyüş, yolunmayan baş, çırılmayan paltar qalmadı. Məsələyə bu qədər dərd-sər arasında deputatların qarışması da bir başqa ağ tük gətirdi başımıza.

Kaş geyim davasının bir azını da beyin davası üçün edərdik!