“Bu telefonu almağa “zasluqam” çatır” - Gənclərin məhkəməsindən

bu-telefonu-almaga-zasluqam-catir
Oxunma sayı: 2405

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü kriminal aləmin adamı kimi təqdim edib insanları hədələyərək telefon və pullarını alan gənclər - 1996-cı il təvəllüdlü Nəbiyev Yusif və 1992-ci il təvəllüdlü Həsənov Muradın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə ifadələr verilib.

Metroda telefonu əlindən zorla alınan zərərçəkmiş, 1999-cu il təvəllüdlü Emin İlyasov deyib ki, gənclər öncə ona yaxınlaşaraq metro kartına pul yükləmək istədiklərini deyiblər: “Mən razılaşdım, onları keçirtdim. “20 Yanvar”da düşəndə mənə yaxınlaşıb telefonumla zəng etmək istədiklərini dedilər. Yusifə telefonumu verdim, alıb qaytarmadı və verməyəcəyini dedi. Məni hədələdilər, dedim heç olmasa kartla nömrəmi çıxarım. Telefonu mənə verdi, əlini də belinə aparıb “səni vuraram” dedi. Qorxduğum üçün kartları çıxarıb telefonu onlara qaytardım. Murad da yanında idi, telefonu alıb qaçdılar”.

Y.Nəbiyev deyib ki, Emindən telefonu alanda tək olub. E.İsmayılovun dərhal bunu təkzib etməsinə təqsirləndirilən şəxs belə cavab verib: "Pantayka"n olsun. Mən danışıram. Sən danışanda mən qulaq asırdım".

M.Həsənov da həmin zaman orada olmadığını deyib.

Digər zərərçəkmiş Kamran Şirinov da bildirib ki, “Sahil” metrosunun yaxınlığında Y.Nəbiyev onun telefonunu alıb: “Yusif məni saxlayıb dedi ki, “Tarqovı” mənim ərazimdi, nə problemin olsa, qardaş kimi həll edərəm”. Sonra da əlimdəki telefonu baxmaq üçün aldı və “içəridəki yaxşı qardaşlara pul çatmalıdır, telefonu girov qoyub pul götürəcəyəm, 1 həftəyə sənə qaytaracağam” dedi. Sonra da məni hədələməyə başladı. Dedi ki, bu telefonu almağa “zasluqam” çatır. Mən də dedim onda get başqasından al. Bu dəfə məni vuracağı ilə hədələyib “mənimlə söhbətdə "borzu"luq edənə dəmir dəyməlidir. Üstümdə həmişə dəmir olur və onun elədiyi söhbətdə həmişə qan çıxmalıdır” dedi.

Hakim Y.Nəbiyevdən "zasluqa" sözünün mənasını soruşub, o isə cavab verə bilməyib. Daha sonra Yusif Nəbiyev peşman olduğunu deyib: “Cavanam, bir səhvdir etmişəm".

Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək. Qeyd edək ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev adam öldürdüyü üçün məhkumluq həyatı yaşayır.

Murad Əhməd