Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

bu-universitetde-imtahan-formasini-telebeler-mueyyen-edir
Oxunma sayı: 743

Bakalavr təhsili boyunca gərgin imtahan ssesiyaları tələbə həyatının unudulmaz məqamları sırasına daxil olur. Hazırda ali məktəblərə qəbul imtahanlarında keçid balını toplamış abituriyentlər ixtisas və universitet seçimi edərkən, hər halda, universitetlərin imtahan formalarını, qiymətləndirmənin şəfaflığını da nəzərə almalıdırlar.

"Qafqazinfo" xəbər verir ki, ölkənin aparıcı ali təhsil ocaqlarından olan Qərb Universiteti qiymətləndirmənin obyektivliyi, dünyanın bəzi nüfuzlu universitetlərində uğurla sınaqdan çıxmış imtahan modelləri ilə diqqət çəkir.

Qərb Universitetində mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə "Açıq kitab”, "Təqdimat”, "Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

Daha bir maraqlı fakt odur ki, bu universitetdə tələbələr imtahan formasını özləri müəyyən edir.

Yeni imtanan modellərindən biri - "Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər. Bununla belə suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.

"Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.

Bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.