“Bu yazını 10 nəfərə göndərməsəniz, zəlil olaraq öləcəksiniz”

bu-yazini-10-nefere-gondermeseniz-zelil-olaraq-oleceksiniz
Oxunma sayı: 1661

Nərmin Dadaşova

İki- gün bundan əvvəl telefonuma “Bunu hər kəsin bilməyi vacibdir” başlıqlı mesaj gəldi. Mesaj qızımın bağçadakı tərbiyəçisinin  valideynlər üçün “whatsapp”da  yaratdığı qrupa göndərildiyindən vaxt itirmədən oxumağa başladım. 

Bir müəllimə valideynə “Bunu hər kəs bilməlidir” başlığı altında nə göndərə bilər? Ya uşaqların təlim-tərbiyəsi ilə, ya sağlamlıqları ilə bağlı hansısa vacib məlumat, ya da uzaq başı qrupda təşkil olunacaq hansısa tədbir, ya doğum günü bildirişi. Ancaq təəssüf ki, mesaj mətnin ardı sadaladıqlarımdan heç biri deyildi. 

Növbəti cümləni olduğu kimi yazıram: “Bunu paylaşaraq xeyrə səbəb ola bilərsən. Əgər bunu göndərməsən bil ki,  günahların sənə mane olur. Kim namazına diqqət etməz, əhəmiyyət verməz isə, Allah onu 15 əzabla əzab edər. 6-sı dünyada, 3-ü ölüm anında, 3-ü qəbirdə, 3-ü qəbirdən çıxarılacağı zaman.”  

Və növbəti sətirdə cəzalar sadalanır: “Zəlil olaraq öləcək, dünya dənizlərinin suyunu içsə də susuz olaraq öləcək, qəbri daralacaq və qəbir onun qabırğalarını bir-birinə girənə qədər sıxacaq” və s. Sonda da dönə-dönə tapşırır: “Bu məlumatı 10 nəfərə göndər. Ən böyük arzun yerinə yetsin.”  

Bu mesajdan sonra aldığım travmanın nə dərəcədə şiddətli olduğunu hər dəfə telefonu əlimə alıb həmən qrupa nəsə yazmaq istəyəndə hiss edirəm. Özü də iliklərimə qədər. Mənim balaca balam harda, kimin tərbiyəsi altında böyüyür?  Bu mövhumata, bu cahilliyə uyan, inanan, təbliğ edən insanların arasında nə işi var onun?  Sizə də elə gəlmirmi, bütün bunlar adamı dindən, inancdan, həyatdan hər şeydən soyudur?  “Namaz qılmasan qabırğaların bir-birinə girəcək” nə deməkdir axı? Bu nə fantaziyadır?  Axı bizim sevdiyimiz, bizim inandığımız islam sülh dini idi, bu nə şiddətdir? Yəni doğrudanmı əlimiz hər şeydən üzülüb, arzularımızı bu yolla gerçəkləşdirməyə çalışırıq?  Bu tipli “dua mətnləri”, çağırışları  on nəfərə göndərib Tanrıdan cavabmı gözləyirik?   

Bir neçə gün əvvəl 7  il  təhsil alıb şəhərin göbəyində yenicə açılmış aptekdə çalışan bir bəy əfəndi,  Xarici ölkədə “uzmanlıq”  qazanmış, illərini, gecəsini-gündüzünü təhslilə, elmə xərcləmiş, həyat yoldaşımı ağır bir xəstəliyin cəngindən qoparıb sağlam həyatına döndərmiş həkimin yazdığı resseptə baxıb: “Bunlar boş şeylərdir, sən şəfanı Allahdan istə” deməzmi?  İnanın ki, dedi.

Əminəm, yazının ikinci abzasına qədər oxuyub mənə “sən kafirsən”lə başlayıb təhqirlə  bitən şərhlər yazırsan, əziz oxucu. İnan ki, bütün bunları sənin üçün, övladların üçün gözə alıram. 

Dostlar, bu mövhumat bizi uçuruma aparır. Gəlin köməkləşib çıxaraq özümüzü bu bataqlıqdan. Kitab oxuyaq, aqressiya yox,  sevgi  ötürək ətrafımızdakılara. Açaq beynimizin qara çadrasını. Yaşamağı sevək, Allahı sevək, insanları sevək.Heç bir dinin, mənasız inancların, “on nəfərə göndər, xoşbəxt ol” absurdunun qulu olmayaq...

Sağlıqla qalın.