“Bu zalda 1 çarşablı qadın da yoxdur, bu isə uğurumuzdur”

bu-zalda-1-carsabli-qadin-da-yoxdur-bu-ise-ugurumuzdur
Oxunma sayı: 3539


"Azərbaycanda toleratlıq mühitinin yaradılmasında medianın böyük rolu var". Trend-in məlumatına görə, bunu MŞ sədri Əflatun Amaşov bildirib.

Ölkədə mövcud dini durum haqqında danışan Ə.Amaşov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı qanunla təsbit edilib: "Azərbaycan vətəndaşı olan hər bir şəxs vicdan və dini etiqad azadlığına malikdir. Bu gün Azərbaycanda böyük tolerantlıq mühiti mövcuddur və bunda mətbuatın da böyük rolu var".

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan mediası dövlətin dini azadlıq və tolerantlıq siyasətini hər zaman dəstəkləyib.

Təriqətlərdən danışan MŞ sədri bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif təriqətlər və dini cərəyanlar Azərbaycana yol tapıb, son dövrlərdə isə onlar öz fəaliyyətlərini daha da genişləndiriblər: "Misal üçün, Səudiyyə Ərəbistanında yaradılan vəhhabilik təriqətinin inkişafı və yayılması üçün 80 milyard dollardan çox maliyyə vəsaiti xərclənib".

Ə.Amaşov qeyd edib ki, son dövrlər mətbuatda nurçuluqla bağlı materiallara geniş yer verilir: "Məlum olduğu kimi, Azərbaycanda heç bir dini təriqətə qarşı təzyiq və zorakılıq halları yoxdur. Lakin çalışmalıyıq ki, bizim milli və dini maraqlarımıza qarşı təhlükəli siyasət yeridən dini qrupların fəaliyyəti nəzarətdə saxlanılsın".

Onun sözlərinə görə, mətbuat hər zaman dünyəvi və dini dəyərləri özündə birləşdirərək ideoloji məfkurə yaratmalıdır: "Müasir mediamız da həmişə bu prinsiplərə sadiq qalıb. Ölkə mediasında bu problemlər mövcud deyil. Jurnalistlərin davranış kondeksində də bu məsələ yer alır. Azərbaycan dövlətinin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti mətbuatda hər zaman dəstəklənib. Hər bir ölkədə əmin-amanlığın yaradılmasında dini toleratlıq mühüm rol oynayır".

***

Bəzən KİV-lər sensasiya yaratmaqdan ötrü və yaxud bilməyərəkdən müəyyən dini məsələlərə yanaşmada səhvlərə yol verirlər. Bunu "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov çıxışı zamanı deyib.

B.Sadıqov buna misal gətirərək bildirib ki, bir neçə il bundan əvvəl məktəblərdə qadınların hicab bağlamasına qadağa qoyulması Azərbaycanda bəzi insanlarda narahatlıqlar yaratdı: "Onlar Təhsil Nazirliyinin qarşısında buna etirazlarını da bildirdilər. Sonradan məlum oldu ki, etiraz edən insanların nə anaları, nə də bacıları ali məktəbdə oxuyub çarşab bağlayan qadınların sırasında deyil və bunlar müəyyən dairələr tərəfindən buna etiraz etmək üçün öyrədilmiş insanlar idi".

B.Sadıqov qeyd edib ki, digər tərəfdən, mətbuatın bu məsələdə düzgün yol tutmaması və bunu insan azadlığının pozulması kimi qeyd etməsi, sözügedən insanların bəzən müdafiə mövqeyində durması belə bir halın meydana gəlməsinə səbəb oldu.

Deputat deyib ki, Azərbaycan qadını dünyanın ən inkişaf etmiş ağıllı və mütərəqqi qadınıdır: "Azərbaycan dünyanın yeganə dövlətlərindəndir ki, qadına hörmət əlaməti olaraq onun şərəfinə heykəl ucaldılıb. ABŞ-dan əvvəl Azərbaycan qadını seçkilərdə səs vermək hüququ qazanıb. Gəlib XX-XXI əsrdə Azərbaycan qadınını çarşaba qaytarmaq təbii ki səhv idi. Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əlbir işlədilər. Bu gün, görürsünüz, bu zalda bir nəfər də olsun çarşablı qadın yoxdur. Bu, bizim uğrumuzdur və mətbuatın köməyi ilə görülmiş işin nəticəsidir".

***

Azərbaycan postsovet məkanında dini etiqad azadlığının qanunla tənzimləndiyi azsaylı ölkələrdən biridir. bunu "APA Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan çox nadir ölkələrdəndir ki, burada məscid, sinaqoq və kilsə eyni küçədə yerləşir, hər üç dinin təmsilçiləri eyni sərbəstlik və rahatlıqla öz inanclarına aid məbədlərə gəlib, dini rituallarını, ibadətlərini yerinə yetirirlər: "Çox təəssüf ki, bəzi hallarda həm ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ilə ayrı-ayrı sektaların dini bölücülük fəaliyyətləri qarışdırılır, zərərli missionerlik fəaliyyətinin təbliğinə yol verilir. Burada digər önəmli məsələ missionerliyin hansısa dinin, ya da sektanın təbliğatı mahiyyətindən çıxarılıb, dövlət maraqlarına toxunan, yayıldığı dövlətin təməl prinsiplərinə ziyan vuran, milli dünyagörüşün məhvinə yönələn, bəzi hallarda dövlət idarəçiliyi, dövlət quruluşu ilə bağlı dəyişikliklərin təbliğatını aparan formaya çevrilməsidir".

V.Mahirqızı deyib ki, missioner tipli təriqətlərdə əsas hədəflərdən biri də medianı nəzarətə almaqdır: "Bu məsələnin bu gün müzakirəyə çıxarılması bizim ölkəmizin də bu təhlükələrdən xali olmadığını, kənarda qalmadığını göstərir. Müzakirə olunan məsələlərlə bağlı medianın üzərinə böyük məsuliyyət düşür. Əvvəla, media bu istiqamətdə maarifləndirmə işi aparmalı, fərqli təhlükələrə fərqli yanaşmağı bacarmalıdır. Bundan başqa, bu təhlükələrin hər birinin doğuracağı fəsadlar, Azərbaycan cəmiyyətinə və onun gələcəyinə vuracağı zərbələr barədə maarifləndirmə işi aparmaq, hər bir təhlükəyə individual və spesifik yanaşa bilən kadrlar hazırlamaq, bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə seminarlar təşkil etmək, dərindən öyrənmədən, mahiyyətini bilmədən məsələni ictimailəşdirməmək, hansısa zərərli dini cərəyanın ruporuna çevrilməmək bu gün medianın əsas vəzifəsi olmalıdır. Məncə, bu məsələ ilə bağlı vahid ideoloji konsepsiyaya da ehtiyac var".