Üç partiya Rafiq Əliyevin müdafiəsinə qalxdı

uc-partiya-rafiq-eliyevin-mudafiesine-qalxdi
Oxunma sayı: 656

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Rafiq Əliyev Azərbaycan elminin inkişafında və dünyada tanınmasında xidməti olmuş azsaylı dəyərli alimlərimizdəndir. Bu gün Azərbaycan ictimaiyyətinin, elm və mədəniyyət xadimlərinin xüsusi rəğbətini qazanmış böyük alim Rafiq Əliyevi bu cür cılız metodlarla susdurmağa çalışanlar, bilməlidirlər ki, başda İlham Əliyev olmaqla onlar belə hərəkətləri ilə xalqın özlərinə qarşı olan nifrət və qəzəb hissini daha da coşdurmuş olurlar. KXCP hakimiyyəti və onun başçısı İlham Əliyevi, xalqı və onun tanınmış ziyalılarını belə ucuz və gülünc metodlarla susdurmaq əvəzinə dünyada gedən inqilabi proseslərdən daha ciddi nəticələr çıxartmağa dəvət edir.

KXCP ziyalılara və elm xadimlərinə müraciət edərək dəyərli alim Rafiq Əliyevin susdurulmasına biganə qalmamağa və xalq üçün belə çətin vaxtlarda zəruri olan öz fəal vətəndaş mövqelərini ortaya qoymağa çağırır”.

***

Ümid Partiyası da Rafiq Əliyevlə bağlı bəyanat verib: “İşdən çıxarılmazdan əvvəl Neft Akademiyasının rektoru Siyavuş Qarayev Rafiq Əliyevi çağıraraq işdən çıxmaqla bağlı ərizə yazmasını tələb edib. Bu tələblə razılaşmayan Rafiq Əliyev heç bir əsas olmadan işdən çıxarılıb. Dünyaca məşhur bir alimin işdən çıxarılması, həm də onun özünün qurucusu olduğu kafedradan uzaqlaşdırılması siyasi sifarişlə həyata keçirilib. Akademikin son zamanlar siyasi aktivliyi, Azərbaycan hökumətinin siyasi qərarla insanları sərbəst toplaşmaq, söz və fikir azadlığına görə azadlıqdan məhrum edilmələrinə etiraz etdiyinə görə işdən çıxarılıb. Biz hesab edirik ki, nüfuzlu akademikin hakimiyyətin yüksək dairələrinin siyasi iradəsi və göstərişi ilə işdən çıxarmaq, ona qarşı siyasi və psixoloji təsir göstərmək cəhdləri ilə bağlıdır. Bu Azərbaycanda ədalətsizliyə qarşı açıq mövqe ifadə edən ziyalılara qarşı peresident yaratmaq üçün edilmiş növbəti basıqıdır.

Ümid Partiyası tələb edir ki, Azərbaycan hökuməti yol verdiyi yanlışlığı dərhal düzəltməli, akademik Rafiq Əliyevin işinə bərpa edilməsini təmin etməlidir. Hesab edirik ki, bu dövlət adına utancverici siyasi qərarı sifariş edənlər dərhal cəzalandırılmalıdır. Qeyd etmək istərdik ki, Rafiq Əliyevə qarşı bu formalı siyasi təzyiqlər, bütövlükdə Azərbaycan ziyalılarına yönəlik edilmiş həqarətdir. Bu baxımdan da akademikin işdən çıxarılması heç də haqsızlığa qarşı mütəşəkkilləşən ziyalıları yolundan çəkindirməyəcək, əksinə onlar bundan sonra daha aktiv şəkildə haqqı tapdanan insanların müdafiəsində daynacaqlar”.

***

Azərbaycan Demokrat Partiyası isə bu addımın siyasi sifariş olduğunu bəyan edib: “ADP Azərbaycan elmini dünyada təmsil edən azsaylı alimlərimizdən biri, müstəqil vətəndaş mövqeyinə malik ictimai xadim, görkəmli alim Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən, onun siyasi baxışlarına və ictimai fəaliyyətinə görə azad edilməsini siyasi sifarişli qərar kimi qiymətləndirir və bunu repressiv hərəkət kimi qətiyyətlə pisləyir. Görkəmli alimin vəzifədən azad edilməsi yalnız onun özünə yox, Azərbaycan elminə qarşı repressiyadır. Bu gün Azərbaycanda saxta alimlərin bolluğunda həqiqi elm adamlarına qarşı bu cür hərəkətlərə yol verilməsi əslində Azərbaycan elminə, dövlətimizin və xalqımızın beynəlxalq imicinə ciddi zərbədir”.
ADP dövlət başçısını, Rafiq Əliyev haqqında verilmiş ədalətsiz qərara münasibət bildirməyə, Rafiq Əliyevin pozulmuş hüquqlarını Konstitusiyaya uyğun olaraq bərpa etmək üçün zəruri addımlar atmağa və Azərbaycan ziyalılarının heysiyyatı ilə oynamağa cəhd edənləri ciddi cəzalandırmağa, həqiqi elm adamlarını, ölkənin mütərəqqi ictimaiyyətini isə hakimiyyət dairələrinin bu qanunsuz qərarına etiraz bildirməyə çağırıb.