Üçbaşlı insan

ucbasli-insan
Oxunma sayı: 648

Bu söhbətin nə qədər mənasız olduğunu anlamaq üçün azacıq məntiqin olması kifayətdir. Gəlin bir anlığa belə bir şeyi təsəvvürümüzdə canlandıraq: dünyanın bütün insanları – kişili-qadınlı – dünya yaranandan üzü bəri üçbaşlı, dörd qulaqlı, beşayaqlı, dörd əlli, iyirmi üç barmaqlıdır. Başların, qolların, qulaqların, ayaqların, əllərin sayını zövqünüzə uyğun dəyişə bilərsiniz. Formaya gəldikdə isə, elə təsəvvür edin ki, lap bineyi-qədimdən insanların başı dördbucaq, qulaqları düzbucaqlı üçbucaq, boynunun uzunluğu qırx-əlli santimetrdi. İndi belə bir sual: o insanlar özlərini qeyri-mükəmməl bir varlıq hesab edərdilərmi? Əlbəttə ki, yox. Bəs niyə? Ona görə ki, bütün insanlar elə olacaqdı. Bəs onda sənin kimi, mənim kimi, bizim kimi birbaşlı, ikiayaqlı, ikiəlli insanlardan biri bizim indi anormal saydığımız o insanların arasına düşsəydilər, həmin o insanların elə özləri bizi anormal saymazdılarmı? Deməzdilərmi ki, dünyaya birbaşlı, ikiəlli, ikiayaqlı insan gəlib? Bütün TV kanallar, qəzetlər, saytlar dünyaya birbaşlı, ikiəlli, ikiayaqlı insanın gəlməsini günün şok xəbəri kimi gündəmdə saxlamazdılarmı? Film şirkətləri şəhərdə birbaşlı, ikiəlli, ikiayaqlı insanın dolaşmasından bəhs edən “ujas” filmləri çəkməzdilərmi? O insanlar arasındakı dindarlar da bizim kimi normal – onlar üçün isə anormal – insanların doğulmasını allahın nəyəsə işarəsi və ya möcüzəsi saymazdılarmı? Həmin insanların fiziki bacarıqlarına təəccüb etməzdikmi? Onlar bir yana qalsın, Ginnesin Rekordlar kitabına düşən bizim kimi normal insanların qulaqları ilə nəfəs almasına, burnu ilə çörək yeməsinə, nə bilim, ağzı ilə eşitməsinə azmı təəccüblənmişik? Və nəhayət: mübahisə edən kimi, insanın necə mükəmməl bir varlıq olması, necə mükəmməl bir fiziologiyaya malik olması haqqında yarım saat leksiya oxuyan o dünyanın dindarları mənim bu yazımı anormal insanın xəstə təxəyyülünün məhsulu hesab etməzdilərmi?