Bud-baldır göstərməklə deyil ki...

bud-baldir-gostermekle-deyil-ki
Oxunma sayı: 1196

Raminə Eyvazqızı

Yerli telekanallardan birində Röyaya Böyük Britaniyada bir aylıq pulsuz ingilis dili kursu  paketi hədiyyə etdilər. Qayıtdı ki, "əşi mənim ingilis dilinə vaxtım var, öyrənim." Düz deyir, Roya kimilərinin uzağı Türkiyə mediasında görünmək və eşidilmək imkanı limitlənir. Çünki bu çərçivəni dağıdıb, dünya musiqi arenasına qoşulmaq maraqlı deyil. Bunun üçün böyük zəhmət, əmək sərf etmək lazımdır. Bizim müğənnilər üçün toy tutub bir-iki ağız oxumaq, qazanc yerinin olması xoşbəxtlikdir. Barmaqla sayılan sənət adamını çıxmaq şərtiylə oxuyan, oynayan xaricə ancaq bazarlıq etməyə, toy ayaqqabısı, paltarını ucuz almağa gedir.

Dindirəndə də, biliyi məişət söhbətindən başqa məsələlərə cavab vermir. Heç kitab oxuyur ki. Mədəniyyət-incəsənət nümayəndələrinin biliksiz, məlumatsız və intelektsiz olması ölkə üçün böyük kəsrdir. Xalq artisti, ABŞ-ın ştatlarını hər il yaylağa çevirən, aktrisa maaşına sığınan Məleykə Əsədova Şuşanın işğalında (təqvimdən xəbərsiz) sevincli mesajlar göndərirsə, bu gün artıq ondan bir titul aşağı olan aktrisa Vəfa Zeynalovanın M. Ə. Rəsulzadənin yaradıcılığından xəbərsiz olması, heç öz sahəsinə-  teatra, kinoya aid suallara susub qalması normaldır. Bilirsiz niyə? Çünki onlar üçün sənətini püxtələşdirmək lazım deyil. Bizsə, onları  bir sutkadan artıq tənqid edə bilmirik. Dəyişən gündəm ölkə təmsilçilərinin nöqsanlarını, səviyyəsiz davranışlarını, bizi vaxtaşırı təhqir etmələrini tez unutdurur. Biri bayrağımızın rəngini yanlış yerdə bilir, biri Xankəndinin Qarabağa aid olmadığını deyir, biri rayonumuzun işğal tarixində laqqırtı vurur. Di gəl ki, soruşan olsa ki, hansı ətir yaxşıdır, harda geyim butiki var, şahanə cavab gələcək.  Mədəniyyət, incəsənət adamı daim inkişafda olmalıdır, o ölkəsinin üzüdür.

Uzağa getməyək. Türkiyənin məşhur aktyorlarının iş həyatına baxanda, kitab yazanı kim, xeyriyyə tədbiri təşkil edəni kim, sosial, ictimai fiqur kimi susmayanı kim. Adam həsəd aparır. Biləndə ki, "Yeşilcam"ın məşhur aktyoru Ediz Hun(hazırda 76 yaşlı) vaxtiylə Avstriyda oxuyub, sonra Norveçdə ətraf mühit üzrə təsil alıb, mütəxəssis kimi Türkiyədə bu sahə üzrə müşavir, vəkil vəzifəsində işləyib, təəccüblənmişdim. Elə bu gün Türkiyənin gənc aktyor, aktrisaları əcnəbi kanallarda sərbəst başqa dildə müsahibə verirlər. Ölkəni tanıtmaq, mədəniyyətini gözə soxmaq belə olur. Bizimkilər burdan-bura ana dilimizdə sözün qarşılığını tapmağa çalışır, tariximizdən bixəbər gəzirlər.  Mənim qorxum ondandır ki, bunlar sabah Qarabağın Azərbaycan ərazisi olduğunu da unudalar. Vəfa Zeynalova kimilərinin biliksiz danışıb bizi belə xəcalət çəkdirməyə haqqı yoxdur! "Əməkdar mədəniyyətsizlik etmək olmaz!

Kim Kardaşyanın yanını, sinəsini, makiyajını yamsılayanda, arada bir onun işləyən başından da yararlanın! Düşmən balası o boyda ABŞ-da qondarma erməni soyqırımından çəkilmiş filmin qalasına Hollivud camaatını yığdı. Məşhurlaşmaq bud, baldır göstərməklə deyil ki,  bunun xalqa xidməti də varmış. Bəs bizim soyunmağı qəhrəmanlıq bilən, yataq fotosessiyası etdirən, ətini camaata göstərənlərimiz  haradadırlar?