“Bugünkü məğlubiyyətə görə məsuliyyəti özüm daşıyıram” - Diniyev

bugunku-meglubiyyete-gore-mesuliyyeti-ozum-dasiyiram
Oxunma sayı: 1317

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Kəpəz”-“Neftçi” (0:1) matçı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev jurnalistlərə oyun barədə fikrini bildirib: 

- Məğlub olsaq da, komandadan razı qaldım. Oyundan-oyuna futbolçular yaxşı təsir bağışlayırlar. Birinci hissədə Viktor rəqib qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilmədi. Əvəzində standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra çalışdıq ki, uzun ötürmələrdən yararlanaq. Futbolçular istəkli idi. Amma alınmadı. Bugünkü duruma görə komandadan razı qaldım. Diqqətimizi növbəti oyuna yönəltməli, sona qədər mübarizə aparmalıyıq. Stabil heyəti qurmaq vacibdi. Axtarışdayıq. Əlimizi yerə salıb, dayanmamalıyıq. Təkcə ölümə çarə yoxdu. Bugünkü məğlubiyyətə görə məsuliyyəti özüm daşıyıram. Gec-tez bu durumdan çıxacağıq. Bizim də küçəmizdə bayram olacaq.

- Hakimlikdən razı qaldınız?

- Epizodun təkrarına baxmamışam, buna baxdıqdan sonra qərar verə bilərəm.

- Sonuncu pillədə qalmaq Şahin Diniyevin səbr kasasını nə vaxt daşıracaq?

- Şahin Diniyevdən əvvəl “Kəpəz” azarkeşləri var. Bu pillə Gəncə adına layiq deyil. Mən də bu vəziyyətlə barışmaq istəmirəm və barışmayacam. Başımızı salıb işləməliyik. Dekabra kimi dözüb müəyyən qədər fasiləyə yaxşı vəziyyətdə yollanmalıyıq. Heç bir səbəb axtarmırıq. İnanıram ki, vəziyyətdən çıxacağıq.

- “Qəbələ”ni udan “Kəpəz” var, bir də “Neftçi”yə məğlub olan “Kəpəz”. Bu gün komandanıza nə çatmadı?

- Stabil heyəti müəyyənləşdirə bilmirik, bu da oyunumuza təsir edir. Formalaşmış heyətin olması labüddü. Bu gün vəziyyət belədi, bununla barışmamalıyıq. Oyunçularım çalışdırlar, əl-ələ verib, bu acınacaqlı vəziyyətdən çıxacağıq. Başqa yolumuz yoxdur.

- “Kəpəz”in heyətinin ideal olmaması bəllidi. Qışda necə olacaq?

- “Neftçi”nin ehtiyatda olan 9 futbolçudan kaş 3-ü bizdə olaydı. Bu vəziyyətimizi görüb, qəbul etmişəm. İstefa vermək çox asandı, amma mən dəyişikliyə inanıram. Qışdan sonra müəyyən dəyişiklik olacaq. Maksimum 1-2 oyunçu cəlb edəcəyik.

- 5-6 səfər matçından sonra evdə oynadınız. Bir də bu vəziyyətlə rastlaşsaz, yenə razılaşacaqsız?

- Bu gün ilk dövrədəki 2 ev matçını udsaydıq, daha yaxşı yerdə olacaqdıq. Belə olan halda psixolji durumdan çıxardıq. Bu gün vəziyyət belədi. Meydançaya görə bu riskə dəyərdi. Bu vəziyyətdən mütləq çıxacağıq. Mayda da bu sözümün üstündə duracağıq. Hər uğursuzluqda bir uğur var.