“Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusunda təlim

bulud-texnologiyalarina-giris-ve-onlarin-biznesde-tetbiqi-movzusunda-telim
Oxunma sayı: 1417

Bu gün “AzInTelecom” MMC-də jurnalistlər üçün təlim təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, təlim şirkətin Data Mərkəzi ilə tanışlıq və “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusunda  keçirilib. Təlimdə çıxış edən şirkətin kommersiya direktoru Ruslan Əliyev Data Mərkəzin fəaliyyəti barədə jurnalistlərə məlumat verib. Daha sonra o, Azərbaycanda media qurumlarının serverlərini xaricdə yerləşdirməsinin səbəbləri ilə bağlı sualları cavablandırıb.

O qeyd edib ki, Azərbaycanda yeganə data mərkəz olan şirkət müştərilərə 24 saat dəstək xidməti göstərir: “Bizim operatorlar müştərilərdən zəngləri qəbul edirlər.  Bizim böyük mail bazamız var.  Artıq müştəridən müraciət gələn kimi hansı nömrədə ticket açılması ilə bağlı qrupa məlumat yazılır. Müştərinin hansı kateqoriya üzrə  müraciət etməsi müəyyən olunur. Kateqoriyadan asılı olaraq hansısa menecerler də işə qoşula bilər. Lazım olanda müştərilərlə üzbəüz də görüşürük”.

Azərbaycanda server yerləşdirməyin baha olmasına gəlincə isə R. Əliyev qeyd edib ki,  şirkətin datamerkezi.az adlı saytı var: “Həmin saytda qiymətlər  müxtəlif seqmentlər üzrə əks olunub. Müştəri ona hansı konfiqurasiyada servis lazım olduğu seçəndən sonra online kalkulyatorda  yekun qiyməti görə bilər.

Əlavə xidmətlər  üçün də qiymətlərin siyahısı  orada göstərilir. Müqavilə müddətindən asılı olaraq endirimlər də təklif edirik. Qeyd edim ki, hər xidmət kiçik layihədir.  Bulud texnologiyalarından istifadə edən İT  mütəxəssisləri   xərcləri necə optimallaşdırmaq barədə suala cavab vermirlər.  Bizimsə məqsədimiz odur ki, müştərilər üçün optimal olan bir resurs ayıraq. 
Xarici provayderlər bizim verdiyimiz imkanları sizə təqdim etmirlər. Hər addımda xidmətin keyfiyyətinə görə əlavə ödəniş tələb edirlər.  Sizi hansısa  bulud servisinə hər hansı məlumat göndərirsinizsə  ona görə pul ödəmirsiniz. Ancaq   yükləmə xidməti üçün ən azı 1 sent dollar tələb olunur.  Ancaq fərz edin ki, sizdə məlumatın həcmi terabaytla ölçülür, o zaman xərcinizin necə artdığını görəcəksiniz”.

Təlimdə həmçinin bildirilib ki, hazırda  Data Mərkəzin reserv mərkəzi yoxdur. İlin sonunda Yevlax şəhərində reserv mərkəzin açılması  gözlənilir.  

Sonra jurnalistlər şirkətin Data Mərkəzi ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, təlim çərçivəsində jurnalistlərin Data Mərkəzlə əyani  olaraq tanışlığı baş tutub. 
 Günel  Türksoy