Bulvardakı kukla...

bulvardaki-kukla
Oxunma sayı: 2200

Xuraman Hüseynzadə

Səhəri yenə terror xəbərilə açdıq. Daha səhərləri şad xəbərlərlə açmaq çətin məsələyə çevrilib. “Fransız xalqı kef eləyir” cümləsinə deyəsən elə kinolarda rast gələcəyik...Terror terrordur. Əgər dinc insanlar ölürsə, onun harda baş verməsinin fərqi yoxdu.

Biz də terrorla çox üzləşdik. Nə qədər dinc insanımız öldü, üstəlik, torpaqlarımız da işğal olundu. Ağrısını hələ də çəkirik. Və çəkəcəyik... O tarixlərin ildönümünü qeyd etmək faciələrin heç vaxt unudulmadığına sübutdur.

Xocalı soyqırımından danışanda gözlərimiz önünə daha çox donmuş uşaq cəsədləri gəlir. Günahsız körpələrin qətlə yetirildiyi həmin faciədə üstündə alma şəkili olan göy rəngli rezin çəkmə var. Balaca sahibinin ayağından kənara düşüb. Yiyəsiz qalıb...

Bir də Nitsadakı terrorun kuklası çıxmayacaq yadımızdan. Sahibindən ayrı düşmüş kukla...

Qız uşaqlarının sevimli oyuncağı olur kuklalar. Bizim vaxtımızda “gəlincik” deyirdilər onlara. Unudulmaz, əvəzolunmaz oyuncaqlar...

Böyüdükdən sonra baxan zaman retrospektiv, unudulmaz xatirələr oyadır. Gözəl, saf, tərtəmiz duyğular...

Məsum körpəliyimizdən qalan xatirələrdi oyuncaqlar.

Balaca qızların kukla sevgisi ayrı cürdü. Valideyn, bacı, qardaş və kukla... Deyirlər, analıq instinktini də qızlarda ilk olaraq kuklalar oyadır: dizlərinin üstündə layla çalırlar onlara, saçlarını darayırlar, oynadırlar, yedirirlər. Qeyri-adi, anlaşılmaz hissdir.

Nitsa bulvarındakı kukla da terrorun qurbanıydı. Sahibini itirmişdi. Ona dizlərində layla çalan, paltar geyindirən, sığal-tumar verən olmayacaq daha.

Arzular donmuşdu o kuklanın üzündə... Ümidlər qırılmışdı...

Lənət olsun terrorla insanların həyatına son qoyanlara.

Dünyaya insan kimi gələn kəs bu qədər qəddar, başıboş ola bilərmi? Elmlə, biliklə, ixtiralarla dünyaya meydan oxumaq kimi gözəl ideyalar varkən belə vəhşiliklər nə üçündü?

Niyə yaşamırlar bu gözəl dünyada?

Niyə imkan vermirlər insanlar yaşasın, yaratsın? Və həmin cahillər də bəhrələnsin elmli, bilikli, itedadlı insanların sağlam düşüncəsindən...

O zaman özləri də insan kimi yaşayarlar və bu qədər lənət qazanmazlar.

Dünya da gözəlləşər.

Bu dünyada yaşamaq istəməyən bədbəxtlər, əyinlərindəki qara paltarı çıxarıb, silahı yerə qoyub həyatın gözəlliklərini niyə görmürlər? Niyə dağıdıb viranxanaya döndərdikləri yerləri gül-çiçəyə qərq etmirlər? İnsan bu qədər bədbəxt olarmı?