Ümid-MSK qarşıdurması böyüyür

umid-msk-qarsidurmasi-boyuyur
Oxunma sayı: 745

“MSK-da təmsil olunan azlıqlar (partiyalar) arasındakı razılaşmaya əsasən Ümid Partiyasına düşən 58 yerə namizədlərin təqdim olunması qanunsuz olaraq yerinə yetirilməyib. MSK katibi Mikayıl Rəhimovun təqdimatı ilə Naxçıvandakı dairələrdə Ümid Partiyasına ümumiyyətlə təmsilçilik imkanı verilməyib. Naxçıvanda birbaşa Vasif Talıbov tərəfindən göndərilən siyahı təsdiq olunub”...

O, DSK-nın formalaşmasında katib yerləri üçün partiyalararası bölünmədə də anlaşmanın pozulduğunu bildirib. Onun sözlərinə görə, Ümid Partiyası üçün 20 yer ayrıldığı halda, partiya yalnız 10 yerdə təmsil oluna bilib.
Dünən parlament azlığında olan partiyaların MSK-dakı təmsilçisi Mikayıl Rəhimov bu məsələyə dair açıqlama verib. O, “Qafqazinfo”ya deyib: “Nədənsə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bu işdə əbəs yerə adı çəkilib. Guya MSK-ya siyahı oradan gəlib. Belə bir yanaşma doğru deyil. Düzdür, siyahı göndərilib, lakin razılaşdırılmış siyahı. Siyahı 5 partiyanın - Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Sosial Rifah və Vətəndaş Həmrəyliyi partiyalarının Naxçıvan təşkilatlarının şöbələrindən daxil olub. Bu beş partiya Naxçıvandakı yeddi dairədə nümayəndələrin yerləşdirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının qarşısında təkliflə çıxış ediblər. O sənədlər bizə daxil olub və biz də bu şəkildə müzakirəyə təqdim etmişik”.
Onun sözlərinə görə, Ümid Partiyası vilayət təşkilatında yoxdur: “Əgər vardırsa belə, bizə müraciət etməyib. Akif Qurbanov isə o dairələrin formalaşmasında bizimlə demək olar ki, əməkdaşlıq etməyib”...
O, Ümidi MSK-ya keyfiyyətsiz namizədlər təqdim etməkdə də suçlayıb.
M.Rəhimovun ittihamlarına cavab verən Ümidin MSK-dakı nümayəndəsi Akif Qurbanov MSK katibinin yanlış məlumatlar yaydığını bildirdi: “Mikayıl Rəhimov MSK-da ötən ilin oktyabr ayından təmsil olunur. Azmüddətli fəaliyyəti isə onun yanlış açıqlamalar verməsinə səbəb olur. Tanımadığı insanlar haqqında harada yaşamasına görə onları keyfiyyətsiz insan adlandırması MSK katibi üçün uyğun olmayan yanaşmadır. Kimin harada qeydiyyatda olması onun seçki prosesində professionallığını müəyyənləşdirmir. O iddia edib ki, guya Ümid Partiyası, konkret olaraq mən bu müzakirələrdə iştirak etməmişik. Bu da tamamilə yanlış informasiyadır. Bu, özlərinin həyata keçirdikləri qanunsuzluqları ört-basdır etmək məqsədi daşıyır. Çünki biz martın 1-dən etibarən müzakirələrə başladıq. Bu müzakirələrin keçirilməsində ən çox təşəbbüskar mən olmuşam. Mikayıl Rəhimov katib olmasına baxmayaraq, azlıqda olan partiyaların təmsilçilərini bir araya yığmaqda çətinlik çəkirdi, bunu əksərən mən təşkil edirdim. Biz aprel ayında müzakirələri yekunlaşdıranda Ümidə 58 dairədə təmsil olunmaq imkanı verilmişdi. Bunlardan ikisini də Naxçıvan üzrə müəyyənləşdirmişdik. May ayında Ümid Partiyası bütün ictimaiyyətin qarşısında yenilik edərək imtahan keçirdi və DSK üzvlüyünə namizədlərini müəyyənləşdirdi. Belə olduğu halda, biz necə adam tapa bilməzdik?! Əslində MSK-nın rəhbərliyi məzuniyyətə getdiyinə görə bu məsələlərin müzakirəsi təxirə salınmışdı. Bununla bağlı may ayında MSK-nın iclasında Məzahir Pənahov da mövqeyini açıqlamışdı ki, dairələrlə bağlı məsələyə vaxtı çatanda baxılacaq. İndi bunun yubadılmasının Ümid Partiyasının siyahı təqdim etməməsi ilə bağlanması yanlış informasiyadır”.
A.Qurbnov bildirdi ki, M.Rəhimov da daxil olmaqla, MSK rəhbərliyi bu məsələnin üstündən keçməyə çalışıb: “Bizim təkidlərimizdən sonra məsələ gündəliyə salındı. Biz də Ümid Partiyası olaraq bu prosesdə iştirak etdik. Lakin Naxçıvan rəhbərliyi tərəfindən təqdim olunmuş vahid siyahı olduğuna görə bizim namizədlərimizin DSK-da təmsilçiliyi qanunsuz olaraq tanınmadı. Mikayıl Rəhimov MSK-da BAXCP-ni təmsil etsə də, heç öz partiyasının adına yazılmış adamları tanımır. Çünki o adamların ümumiyyətlə BAXCP-yə aidiyyəti yoxdur. Əslində Naxçıvanda həmin partiyaların fəaliyyət göstərən şöbələri də yoxdur. Ümid Partiyasının isə muxtar respublikada güclü bir şöbəsi olduğunu hər kəs bilir və oradan da namizədlərimizi irəli sürmüşük. Mikayıl Rəhimovun DSK-lardakı katib seçkilərinin demokratik olduğunu bildirməsi əslində təbii qarşılanmalıdır. Çünki onun özü də o cür ”seçilib"".
A.Qurbanov M.Rəhimovun belə bir açıqlama verməsinin özünün absurd olduğunu dedi: “Əslində o, azlığın katibi olduğunu unutmamalı və azlıqda olan partiyaları müdafiə etməlidir. Lakin Mikayıl Rəhimov ona etimad göstərənlərin etimadını qazanmaq üçün belə bir mövqe sərgiləyir, canfəşanlıq edir. Bu isə onun statusuna tamamilə ziddir. Bu şəxs belə bir iddia ortaya qoyub ki, bu məsələdə siyasi mövqe olmamalıdır, partiyada müzakirə aparılmamalıdır və sair. Necə olur Məzahir Pənahov bütün çıxışlarında hakim partiyanın mövqeyini müdafiə edir, hökumət tədbirlərinə qatılır, hakimiyyət nümayəndəsi kimi seçki qanunvericiliyi ilə bağlı danışıqlarda iştirak edir, bu qanun pozuntusu olmur, amma bizim Ümid Partiyasında keçirdiyimiz müşavirə qanunsuz olur?
Sonda qeyd edim ki, məntəqə seçki komissiyalarının formalaşması prosesində də analoji olaraq qanunsuz addımlar atılması gözlənilir. Biz bu məsələ ilə bağlı yaxın günlərdə açıqlama verəcəyik".