Ümid Partiyası xalqa müraciət etdi

umid-partiyasi-xalqa-muraciet-etdi
Oxunma sayı: 644

“Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 dekabr xalqımızın tarixində olduqca əlamətdar bir gündür. 1989-cu ildə Azərbaycanın Güneydə və Quzeydə minlərlə insan zülmə və istidbada sinə gərərək xalqımızın tarixində yeni bir şanlı səhifə açdılar. Təkcə vətənimizin güneyində və quzeyində deyil, dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar bu tarixdən etibarən milli birliyimiz və bütövlüyümüz uğrunda yeni mücadilə hərəkatı başlatdılar. İndi hər bir azərbaycanlının ali və ülvi arzularından biri də Vətənimizi azad, bütöv və firavan görməkdir.

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Bu gün arzu formasında ifadə etdiyimiz Vətənimizin azadlığı, bütövlüyü və firavanlığı yaxın gələcəyimizin bir reallığıdır. Bizlər buna inanır və gündəlik fəaliyyətimizdə bu istiqamətdə gərəkən addımları atırıq.

Bu gün vətənimizin quzeyində çox saylı problemlərimiz olsa da bilirik ki, buradakı mübarizəmiz demokratik dövlət quruculuğu istiqamətindədir. Vətənimizin güneyində isə xalqımız hələ də öz azadlıq və istiqlalını əldə edə bilməmişdir.

Ümid Partiyası olaraq hər bir azərbaycanlını bizi milli birliyə və əbədi bütövlüyə aparan müqəddəs mübarizəyə öz töhfəsini verməyə çağırırıq.

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Qarşıdan Milli həmrəylik günü və Yeni il Bayramı gəlir. Hər birinizi bu əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür və ailə səadəti arzulayırıq. Bayramınız mübarək!!!”.