Ümid yeri Azercell – Məqalə

<b>Ümid yeri Azercell –<font color=red> Məqalə</b></font>
Oxunma sayı: 222

Hüqo “Səfillər”də yazırdı: “Parisin uşağı var, meşənin quşu. Quşun adı - sərçədir, uşağın adı – qamen... Bu kiçik məxluq şəndir. Elə olur o, hər gün yemək yemir, ancaq könlü istəsə hər gün teatra gedir. Onun köynəyi, çəkməsi, yaşamağa damı yoxdur. O quş kimi bir şeydir – quşun da heç bir şeyi yoxdur... Onun könlündə məsumluq incisi var, inci çirkabda ərimir. Nə qədər ki, insan uşaqdır, Allah istəyir o məsum qalsın”... Söhbət bizim “küçə uşaqları” adlandırdığımız evsiz, baxımsız uşaqlardan gedir.

1997-ci ildə Azərbaycan televiziyalarından birində çalışan jurnalist Nigar Mənsimli Bakı bulvarı tərəfdə çəkilişdən qayıdırdı. Bu zaman onun qarşısına küçə uşaqları çıxdı. Nigar xanım uşaqlarla söhbətə başladı, teleoperator isə bu təsadüfi görüşü lentə alırdı. Uşaqlar öz yaşıdlarına nisbətən biliksiz idilər, çünki məktəb üzü görməmişdilər. Ancaq qəribədir ki, az qala hamısı dövlət himnimizi bilirdi. Bu, Nigar xanımı kövrəltdi, həmin uşaqlara kömək eləmək qərarına gəldi.

Səhəri gün Nigar xanım ölkədə yeni yaranmış mobil rabitə şirkəti Azercell-in prezidenti ilə intervü almağa getməli idi. İntervüdən sonra jurnalist bu kimsəsiz, evsiz-eşiksiz uşaqlar haqda şirkət prezidentinə danışdı, videoya baxdılar. Və Azercell rəhbərliyi yüzlərlə uşağın həyatında dönüş nöqtəsi olacaq bir qərara imza atdı: “Ümid yeri” uşaq sığınacaq və reabilitasiya mərkəzi belə yarandı. Nigar Mənsimlinin təsisçiliyi, Azercell-in baş sponsorluğu ilə. Kimsə bu görüşləri təsadüf sayar, ancaq belə düşünənlər Azercell-in həyata baxış prinsiplərindən məlumatsız ola bilər. Şirkət xeyriyyəçiliyi əsas məqsədlərindən biri kimi görür, o üzdən kimsəsiz uşaqlara dəstək verən layihə məhz Azercell-in qabağına çıxmalı idi. Maraqlıdır ki, “Ümid yeri” ilə Azercell elə cüzi fərqlə yaşıddır: şirkət də bundan cəmi bir neçə ay qabaq – 1996-cı ilin 15 dekabrında fəaliyyətə başlamışdı.

O vaxtdan 14 il keçir. Şirkət bu müddətdə kimsəsiz uşaqları bir gün də unutmayıb, “Ümid yeri” uşaq sığınacağı Azercell-in köməyi ilə həmin balacaların doğma ailə ocağına çevrilib. Əvvəl Bakıda, “Nizami” metrosu yaxınlığında, indi isə Binədə bu uşaqlar üçün hər cür şəraiti olan bina qurulub, uşaqların yeməyi, geyimi, təhsili, istirahəti – bir sözlə, bütün xərcləri Azercell-in birbaşa maliyyə dəstəyi ilədir.

İndi ölkəmizdə küçədə kimsəsiz uşaqlara elə də çox rast gəlinmir. Ancaq ötən əsrin 90-cı illərində, “Ümid yeri” yaranan dövrdə belə deyildi. O zaman SSRİ-nin dağılması, müharibələr, iqtisadi keçid dövrü idi, belə zamanlarda isə ən çox əziyyəti uşaqlar çəkir. Məsələn, rəsmi statistikaya görə Kəlbəcər rayonunda işğala qədər 600-ə yaxın yetim uşaq var idisə, işğaldan sonra yetimlərin sayı 1100-ə çatmışdı. Ölkəyə iri həcmli neft gəlirlərinin daxil olmasına da hələ çox var idi. Bütün bunları nəzərə alanda, Azercell-in 1997-ci ildən kimsəsiz uşaqlara qayğısının önəmini daha yaxşı anlamaq mümkündür.
Ötən 14 ildə “Ümid yeri” sığınacağında 1000-ə yaxın uşaq böyüyüb, normal həyata qaytarılıb. Burada “normal həyat” ifadəsi çox şeyi deyir, çünki kimsəsiz, küçədə qalmağa məcbur uşaqlar adətən kriminal ünsürlərin təsirinə düşmək, cürbəcür xəstəliklərə yoluxmaq, insan alverinin qurbanı olmaq riski altındadır. Hazırda sığınacaqda 50 uşaq himayə edilir.

Sovet dövründə bu tip uşaqları internatlara, uşaq evlərinə yerləşdirmək ənənəsi var idi. Ancaq sivil dünya başqa təcrübəyə - uşaqları ailələrə yerləşdirmək, onlara bir ailə mühiti yaratmaq təcrübəsinə üstünlük verir. Bu halda uşaqların psixologiyası zədələnmir, onlar yeni valideynlər qazanır. Azərcell “Ümid yeri” sığınacağında bu yöndə aparılan işlərə də həmişə dəstək verir. Şirkət çalışır ki, sığınacaqda bir ailə mühiti olsun.

Bu il mayın sonlarında “Ümid yeri”nin uşaqları üçün daha bir sevindirici hadisə oldu. Park Bulvarda Azercell-in maliyyə dəstəyi ilə Art Festival – incəsənət bayramı keçirilirdi. Şirkət sığınacağın 40-a yaxın sakinini bu tədbirə gətirdi, uşaqlar incəsənət əsərlərinin sərgisinə baxdılar, şənləndilər, əyləndilər. Azercell bu uşaqların təkcə fiziki sağlamlığını deyil, mənəvi inkişafını da düşünür.

Azercell bu uşaqların gerçək ümid yeridir. Hər uşaq həm də canlı bir ümiddir, gələcəyin meyvəsi olacaq çiçəklərdir.

Ümidimiz üzülməsin!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi