“Bundan sonra bu kimi hallara yol verilməməlidir”

bundan-sonra-bu-kimi-hallara-yol-verilmemelidir
Oxunma sayı: 1525

“Fransanın yerli özünüidarəetmə qurumları rəhbərlərinin işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi  Fransadakı ermənipərəst qüvvələrin  növbəti təxribatıdır”. 

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvü, deputat Rauf Əliyev deyib. O, qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə öz münasibətini bildirib: “Hamıya məlumdur ki, erməni lobbisinin güclü fəaliyyət göstərdiyi ölkələrdən biri Fransadır. Ermənistanın bu ölkədə fəaliyyət göstərən güclü diaspora təşkilatları, erməni lobbisi bu ölkənin müxtəlif dövlət və yerli özünüidarəetmə qurumlarına təsir gücünə malikdirlər. 

Qeyd olunan səfərlər də bu qüvvələrin təsiri ilə baş tutub. Məqsəd təcavüzkar Ermənistana dəstək nümayiş etdirməkdir. Fransa  ATƏT-in həmsədr ölkələrindən biri olaraq Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı  bu cür təxribat xarakterli addımların atılmasına yol verməməlidir.

Minsk qrupunun həmsədri kimi Fransa bu cür səfərlərin qarşısının alınması üçün  ciddi tədbirlər görməli, buna yol verənləri məsuliyyətə cəlb etməlidir”.

Onun sözlərinə görə, Fransa Xarici İşlər Nazirliyinin bu məsələ ilə əlaqədar açıqlamasını məqbul hesab etmək olmaz: “Fransanın yerli özünüidarəetmə orqanlarının rəhbərləri beynəlxalq hüquq və normalarını, Azərbaycan qanunlarını kobud  surətdə pozaraq eyni zamanda Fransanın milli qanunlarına zidd olan bu hərəkətləri ilə  Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma, separatçı rejimin təşviqinə xidmət edir. 
Azərbaycan Prezidentinin bu il Fransaya rəsmi səfəri, səfər çərçivəsində müxtəlif sahələr üzrə bağlanmış əməkdaşlıq müqavilələri, iri həcmli layihələr iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda Azərbaycanın 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Fransada bir-çox sosial-mədəni layihələr həyata keçirilir. Bu da Azərbaycanı istəməyən ermənipərəst qüvvələri qıcıqlandırır və onlar müxtəlf yollarla iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar.

Hesab edirəm ki, bu cəhdlərə baxmayaraq iki ölkə arasında kı münasibətlər inkişaf edəcək və nəzərdə tutulan layihələr nəzərdə tutulduğu kimi yerinə yetiriləcək.

Bir daha qeyd etmək lazımdır ki, bu cür təxribat xarakterli səfərlərin təşkili Fransada fəaliyyət göstərən erməni lobbisinin və ermənipərəst qüvvələrin köməkliyi ilə baş verir. Hesab edirəm ki, bundan sonra bir daha bu kimi hallara yol verilməməlidir. Belə halların qarşısının alınması ilk növbədə, Fransa dövlətinin vəzifəsidir”.