“Bunun seçkiyə dəxli yoxdur”

bunun-seckiye-dexli-yoxdur-
Oxunma sayı: 1647



- Rövnəq müəllim, Vaşinqtonda “Cənub Qaz Dəhlizi və onun Avropanın enerji təhlükəsizliyində rolu” mövzusunda keçirilən konfransda siz də iştirak və çıxış etdiniz. ABŞ-da keçirilən enerji məsələləri ilə bağlı tədbirin Azərbaycandakı prezident seçkilərinə nə dərəcədə aidiyatı var idi? 

- Bu məsələnin seçkiyə heç bir aidiyyatı yoxdur. Belə bir böyük tədbirin keçirilməsi Amerka dövlətinin Azərbaycana verdiyi önəmin nəticəsidir. ABŞ Azərbaycanı strateji portnyor kimi qəbul edib. Bir tədbirə 22 konqresmenin gəlməsi o deməkdir ki, Azərbaycana böyük bir maraq var. Təsəvvür edin ki, 22 konqresmen tədbirə qatılıb orda çıxış etdilər və öz fikirlərini bildirdilər. Onlar Azərbaycanı bu regionda böyük bir strateji portnyor kimi qəbul etdiklərini dedilər, yəqin bu, televiziya ilə də yayımlanacaq. Həmçinin energetika və dövlət siyasəti ilə məşğul olan, Helsinki qrupunda olan konqresmenlər də çıxış edərək Azərbaycanın regionda gördüyü işləri yüksək qiymətləndirdilər. Onlar çıxışlarında Azərbaycanın bu regiondakı önəmi, Azərbaycanın inkişafına yönəlmiş bütün bu həyata keçirilən layihələri çox yüksək qiymətləndirdi. Bu da o deməkdir ki, Azərbaycan dövlətinin, prezidentinin apardığı siyasət doğru siyasətdir, Azərbaycan xalqı və dövləti düz yoldadır. Azərbaycanda neft gəlirlərini insan kapitalına çevirmək layihəsi yüksək qiymətləndirilib və Azərbaycanda iqtisadi inkişaf dünyada tənəzzülün baş verdiyi dövrə təsadüf edir. Mən ABŞ-dakı çıxışları sizə deyirəm. Bildirildi ki, bu ölkədə qeyri-neft sektorunun inkişafı onu göstərir ki, Azərbaycan düz yoldadır və inteqrasiya, inkişaf yolundadır və ölkəmiz strateji portnyor kimi yüksək qiymətləndirildi.

- Bu tədbirlə paralel olaraq ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyasında Azərbaycana dair tədbirin keçirilməsi maraqlı məsələ idi. Burada hansısa əlaqə axtarmağa lüzum vardırmı?

- Bu tədbirlərin bir-birinə hər hansı aidiyyatı yox idi. Biz 2 ay qabaqdan tədbirin vaxtını müəyyənləşdirmişdik. Özü də Konqresin bir neçə üzvünün xahişi ilə. Biz 18 iyunda bununla bağlı qərar qəbul edəndən sonra Konqres üzvləri xahiş etdi ki, ABŞ Konqresində bu qərarın təqdimatı keçirilsin. Eyni vaxtda orda brifinq olmuşdu. Orda da qeyri-adi bir hadisə baş verməmişdi. Özü də nəinki Konqres üzvləri, heç onların köməkçiləri də ora gəlməmişdi. Mən deyə bilmərəm ki, o, nə brifinq idi.

- Amma hər halda izlədiniz, bu müzakirələr diqqətinizdən yayınmadı?

- Təbii ki, izlədik. Səfirimiz orda idi, mənə bu barədə dedi. Özü də səfirimiz bu tədbirə olduqca aşağı münasibətdə idi. Səfir də dedi ki Helsinki Assambleyasının nümayəndələrinin ora gəlməyəcəyini gözləmirdim. Həmçinin qeyd etdi ki, o tədbirin önəmi yox idi.

- Bir sıra hallarda 2013-cü ilin prezident seçkiləri ərəfəsində əldə olunan TAP layihəsi kimi enerji layihələrinin seçkilər məsələsində alver predmetinə çevrildiyi iddia olunur. Sizin fikriniz maraqlıdır, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri xüsusilə seçki ilində bu hakimiyyətin imkanlarını, ona yönəlik dəstəyi nə qədər artırır?

- Hakimiyyətin mövqeyini, seçki ili oldu-olmadı cənab prezident İlham Əliyevin apardığı siyasət müəyyənləşdirir. Bu siyasət birdir, ötən illərdə də bu siyasət yürüdülürdü, bundan sonra da dəyişməyəcək. Ancaq bu siyasət seçki ili üçün, seçkiyə təsir etmək üçün deyil, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün həyata keçirilir. Mən deyirdim ki, bu 10 ildə Azərbaycan bəlkə başqa dövlətlərin 100 ildə keçmədiyi inkişaf yolunu keçib. Bütün bunların hamısı göz qabağındadır. Elə sizin, bizim hamımızın burda (əli ilə Milli Parkı göstərir-E.P.) rahat gəzməyimiz, belə rahat həyat yaşamağımızın özü bunu göstərir. Həm yoxsulluğun azalması, həm iş yerlərinin faiz göstəriclərnin aşağı düşməsi buna əyani sübutdur. Bizdə deyirlər ki, iş yerləri yoxdur. Amma mən deyərdim ki, bizdə işsizlik yox, işçisizlik var.

- Necə yəni?

- İşçiszlik. Yəni biz işçi, mütəxəssis tapa bilmirik. Hazırda peşə məktəblərinin inkişafı ilə bağlı yeni böyük bir proqram hazırlanır. Yeni təhsil naziri ilə bu barədə anlaşma əldə olunub, peşə məktəblərini inkişaf etdiririk. Fakt budur ki, indi işçi tapılmır.

- Ancaq vaxt var idi Azərbaycan neftçiləri bölgə üçün nümunə idi. Bunun günahı kimdədir?

- İndi də neftçilərimiz nümunədir. Biz böyük layihələr həyata keçiririk. Gələn il həyata keçiriləcək layihələr üçün 25-30 min işçi, mütəxəssis lazım olacaq.

- Söhbət konkret hansı layihələrdən gedir?

- Karbamid zavodunun tikintisi, “Şahdəniz” layihəsinin işlənməsi, platformasının, modullarının, boru xətlərinin tikintisi və sair məsələlərdən. 40 milyardlıq “Şahdəniz” layihəsinin 25-30 milyardı Azərbaycanda həyata keçiriləcək. Bizim ən böyük qazancımız budur ki, ulu öndərin yaratdığı infrastruktur imkan verir ki, artıq bir neçə gündən sonra dənizə yeni platforma çıxacaq. Bu, 100 faiz Azərbaycanda yerinə yetirilib və özü də bunu Azərbaycan mütəxəssisləri yerinə yetirib. Əgər əvvəlki layihələrdə müəyyən yığma layihələr burda gedirdisə, indi artıq yüz faiz işlər burda həyata keçirilir. Biz bütün müttəfiqlərin qarşısında məsələ qoymuşuq ki, bütün bu layihələr Azərbaycanda həyata keçirilməlidir.

- Yerli neftçilər bir qayda olaraq maaş azlığından şikayətlənirlər. Bu sahədə vəziyyət nə zaman yaxşılığa doğru dəyişəcək?

- Elə deyil. Maaş az deyil. Bazarın qiyməti, imkanları var. Avropada olan vergi, həyat dəyəri Azərbaycanla eyni deyil axı. Biz indi artıq bp ilə yeni proqram həyata keçiririk, 100 faiz milliləşmə, azərbaycanlı işçilərlə təmin olunma prosesini. Onlar müqaviləyə görə artıq 95 faiz yerli fəhlə və 80 faiz mühəndislərin işləməsi barədə öhdəlikləri yerinə yetirib. İndi biz artıq 100 faizli milliləşmə proqramı üzərində işləyirik ki, bütün müqavilələr üzrə çalışanlar bir neçə ildən sonra azərbaycanlılaşsın.

- Kadr bankı yoxdursa, milliləşmə necə həyata keçiriləcək?

- Elə hazırda kadr bankını hazırlayırıq. Bunun üçün universitetlərdə işləyirik, yeni təhsil proqramları icra olunur, Ali Neft Məktəbi yaradılıb. Bu işlər mərhələli qaydada gedir. Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı Neft Fondundan böyük vəsaitlər ayrılır. Azərbaycan gəncləri dünyanın ən gözəl universitetlərində oxumağa başlayıb. Artıq bilik və bacarıq Azərbaycan gəncinin özündən asılıdır. İndi fərqi yoxdur, sənin oğlun, mənim oğlum, fəhlənin oğlu, əgər bacarığı, savadı varsa, gedib imtahan verəcək, Oksfordda da oxuya bilər, Harvardda da.

- Təhsil alan tələbələrin neçə faizi ölkəyə qayıdır və mütəxəssis kimi onlardan istifadə olunur?

- Dövlət Neft Şirkətinin proqramı əsasında təhsil alanların hamısı qayıdıb gəlir. Demək olar ki, bu tələbələr 100 faiz qayıdıb gəlir. Çünki əgər biz kommersiya şirkətiyiksə, əgər pul verib onları oxutdururuqsa, 5 ildən sonra təbii ki, həmin gənclərdən mütəxəssis kimi ölkəyə qayıtması barədə öhdəliyə əməl olunmaları tələb olunur. Amma Azərbaycan dövləti xaricə təhsil almağa göndərəndə ölkəyə qayıtmağı tələb kimi qoymur, məsələni sərbəst buraxır.

- Ölkə başçısı da deyib ki, yaxın aylarda bir sıra sahələrdə maaşların artımı gözlənilir. Bu, seçki ilində həm də seçicilər olan neftçilərə hansı şad xəbəri verə bilərsiniz?

- Maaşlar bir qayda olaraq artırılır, bunun seçkiyə dəxli yoxdur. Biz inflyasiyanın səviyyəsinə görə hər dəfə maaşları qaldırırıq. 

- Rayonların qazlaşdırılması məsələsi nə yerdədədir? Azərbaycanı 100 faiz qazlaşdırmaq mümkün olacaqmı və bu işlər nə zaman başa çatdırılacaq?

- Bu gün hər rayonda minimum bir kənddə qazlaşma gedir. Mərhələ-mərhələ bu işlər görülür. Ancaq 100 faiz qeyri-mümkündür...