Ünvanlı sosial yardımında qanunsuzluq...

unvanli-sosial-yardiminda-qanunsuzluq-
Oxunma sayı: 696

Sosial sığorta şəhadətnaməsi yalnız sığorta-pensiya münasibətlərində rol oynaya bilər

Son vaxtlar redaksiyamıza vətəndaşlardan onlara ünvanlı dövlət sosial yardımı təyin olunması üçün sosial sığorta şəhadətnaməsinin tələb edildiyi barədə müraciətlər daxil olmaqdadır. Həmin müraciətlərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri onları bu sənədə görə get-gedə salırlar və ünvanlı yardım təyin etmirlər.

Qeyd edək ki, sosial sığorta şəhadətnamələri əhaliyə Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Mövzu ilə bağlı Fonddan bildirdilər ki, Sosial sığorta şəhadətnaməsi yalnız sığorta-pensiya münasibətlərində rol oynaya bilər. Bu baxımdan başqa məqsədlər üçün vətəndaşlardan dövlət sosial sığorta şəhadətnaməsi tələb edilməsinin qanunvericiliklə əlaqəsi yoxdur. Sosial sığorta şəhadətnaməsi sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəddir. Ona görə də dövlət sosial sığorta şəhadətnaməsinin vətəndaşın əmək fəaliyyəti ilə məşğul olub-olmamasını təsdiqləyən sənəd kimi tələb edilməsi də qanuna uyğun deyil. Şəhadətnamə vətəndaş işləmədiyi halda belə onun özündə saxlanılır.

Məlumat üçün bildirək ki, ünvanlı sosial yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 02 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiqlənən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” qaydalarla tənzimlənir. Həmin Qaydalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov. az domenli saytında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 01 mart tarixli 45 nömrəli, 2007-ci il 23 aprel tarixli 70 nömrəli, və 2008-ci il 15 iyul tarixli 158 nömrəli Qərarları ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə yerləşdirilib. Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarda ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaş tərəfindən təqdim olunan sənədlərin siyahısı dəqiq göstərilib. Maraqlıdır ki, həmin siyahıda sosial sığorta şəhadətnaməsinin adı yoxdur.


Bu baxımdan sosial yardım təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri tərəfindən sosial sığorta şəhadətnaməsinin tələb edilməsi başadüşülən deyil. Belə bir tələb süründürməçiliyə və vətəndaşlar arasında haqlı narazılıq yaratmaqdan başqa heç nəyə xidmət etmir.