Ünvanlı yardımla bağlı qalmaqal davam edir

unvanli-yardimla-bagli-qalmaqal-davam-edir
Oxunma sayı: 639

“Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, həmin yazıda vətəndaşlardan ünvanlı sosial yardımı təyin olunması üçün sosial sığorta şəhadətnaməsinin tələb edilməsinin guya qanunauyğun olmaması, həmin şəhadətnamənin yalnız sığorta-pensiya münasibətləri üçün nəzərdə tutulduğu qeyd olunur: “Məqalədə müvafiq qanunvericilikdə ünvanlı yardım almaq üçün vətəndaş tərəfindən təqdim olunan sənədlərin siyahısında belə bir sənədin göstərilmədiyi qeyd olunmuşdur.

Bununla bağlı olaraq bildiririk ki, ünvanlı dövlət sosial yardımı almaq üçün rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən vətəndaşlar əmək qabiliyyətli ailə üzvlərinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmaları barədə məlumat təqdim etdikləri halda, bu məlumatın dürüstlüyü yalnız həmin şəxslərin əmək haqqından (qazancından) sosial sığorta ödəmələrinə vəsait ayrıldığını əks etdirən sənəd, yəni sosial sığorta şəhadətnaməsi əsasında təsdiqlənə bilər. Sosial sığorta şəhadətnaməsinin isə məqalədə qeyd olunduğu kimi heç də özü deyil, surəti tələb olunur.

Ünvanlı yardım üçün müraciət edən ailənin məşğul hesab olunan əmək qabiliyyətli üzvlərinin «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasına cəlb olunmasının və sosial sığorta şəhadətnaməsinin surətinin tələb edilməsi heç də təsadüfi deyil. Çünki bu, həmin şəxslərin qeyri-leqal məşğulluğunun leqallaşmasına, məcburi dövlət sosial sığorta ödəmələrindən yayınmalarının qarşısının alınmasına səbəb olmaqla, eyni zamanda həmin ailənin gəlirlərinin düzgün hesablanmasına və beləliklə, ailənin ünvanlı yardımla təyin olunmaq hüququnun müəyyən olunmasına imkan yaradır.

Təcrübə göstərir ki, bir sıra vətəndaşlar ünvanlı yardım almaq üçün müraciət edərkən əmək qabiliyyətli ailə üzvlərinin heç bir əmək fəaliyyəti ilə məşğul olmadıqlarını bildirsələr də, əslində onların fərdi əməklə məşğul olaraq sabit gəlirlərə malik olduqları aydın olur. Belə şəxslərə məşğulluqlarının rəsmiləşdirilməsi və yalnız bundan sonra ünvanlı yardım üçün müraciət etmələrinin tövsiyə edilməsi hesab edirik ki, dövlət yardımlarının təyinatında ünvanlılığın təmin olunmasına xidmət etməklə, həmçinin gizli məşğulluq hallarının aradan qalxması baxımından əhəmiyyət kəsb edir”.