“Bura kolxozdur, yoxsa məhkəmə?”

bura-kolxozdur-yoxsa-mehkeme
Oxunma sayı: 653

İctimai Palatanın 2 aprel aksiyasının təşkilatçılığında azadlıqdan məhrum edilənlərin ötən gün Apelyasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi prosesdə dövlət ittihamını Hafiz İmranov, məhbusları isə vəkillər Əsabəli Mustafayev, Nemət Kərimli, Osman Kazımov, Anar Qasımlı və Azər Nağıyev müdafiə edib.

2 aprel mitinqində həbs olunanlardan Tural Abbaslı çıxışında vəsatətin hansı səbəb görə təmin edilmədiyini izah etməyi tələb edib: “Əsaslandırın. Burda oturan vəkillər səviyyəsi və savadı heç də sizinkindən aşağı deyil. Başınızın üstündəki gerbdən utanın”.
Hakim isə sadəcə “Qərar belədir” deməklə kifayətlənib.

A.Hacılı isə çıxışında sözügedən məhkəmə prosesinin yerli və beynəlxalq ictimaiyyətin nəzarəti altında olduğunu deyib: “Birinci instansiya məhkəməsində protokollar saxtalaşdırılıb. Keyfiyyətli müdafiə üçün çəkilişin aparılması zəruridir”.

Bundan sonra hakimlər vəsatətləri müzakirə etmək üçün müşavirəyə gediblər. Onlar geriyə “vəsatətlərə yox” cavablarıyla dönüblər.

Bundan sonra vəkillər şikayət ərizəsinin Apelyasiya Məhkəməsinə təqdim olunmasının gecikməsi ilə bağlı vəsatət qaldırıblar. Vəkil Nemət Kərimli Səbail rayon məhkəməsinin hakimi Famil Nəsibovun gecikmə müddətində protokolları saxtalaşdırmaqla məşğul olduğunu iddia edib. Vəsatəti müzakirə etmək üçün 5 dəqiqlik fasilə adı ilə gedən hakimlər yarım saatdan sonra geri dönüblər və bildiriblər ki, göstərilən pozuntu barədə qərar qəbul edilməsə də o protokola qeyd olunacaq.

Çəkilişə icazə verilməyən məhkəmə prosesində vəkillər və məhbuslar ayrı-ayrı vəsatətlərində məhkəmə istintaqı aparılması ilə bağlı vəsatətlər veriblər. Onlar bildiriblər ki, ilkin instansiyada bəzi tutarlı faktlar lazımınca araşdırılmayıb; məsələn onların əleyhinə zərərçəkən və şahid kimi ifadə verən şəxslər dindirilməyib. Vicdan məhbusları bu şəxslərin dindirilməsini vacib sayıblar.

Vəsatətləri müzakirə etmək üçün hakimlər məhkəmə zalını tərk ediblər və müşavirədən dönən hakimlər verilən bütün vəsatətlərin rədd olunduğunu açıqlayıblar.

Proses 5 dekabrda davam etdiriləcək.

Qeyd edək ki, oktyabrın 3-də Səbail rayon məhkəməsi Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlıya isə 2 müddətinə şərti cəza verilib. Apelyasiya şikayətində vicdan məhbusları Səbail rayon məhkəməsinin hökmün ləğv edilərək onların dərhal azadlığa buraxılmasını tələb ediblər.

Fatimə Kərimli