“Bura şəriət məhkəməsi deyil” - Polkovnikin məhkəməsində

bura-seriet-mehkemesi-deyil
Oxunma sayı: 1389

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə şahidlər dindirilib. 

"Caspian Fish" şirkətinkn əməkdaşı  Gülməmməd Muradov ifadə verərək F.Məmmədxanovla polis rəisi işləyərkən tanış olduğunu deyib:  "Müsadirə edilən balıqları bizə təhvil verirdilər. Fərhad müəllim dedi hacı dostu iş qurmaq üçün pul təklif edib. Biz də o pulla ferma tikdik. Sonra Fərhad dedi Hacıya 50 min lazımdı, verdim. Sonra da eyni məqsədlə 100 min verdim. 2015-ci ildə isə 80 min dollar götürdüm". 

F.Məmmədxanov 38 il dövlətə xidmət etsə də, indi danışdığına heç kimin qulaq asmayacağını deyib: "Mən həbsdəyəm, hər şey də artıq hazırdı. Hacı Eldarla dost olmuşam, borcum var, amma orada yazılan qədər deyil. Qurana əl basım ki, borcumu verəcəyəm. Balam xəstədir, buraxın gedim balamın yanına". 

Hakim bildirib ki, Quran müqəddəs kitab olsa da, işə qanunlar əsasında baxılır: "Bura şəriət məhkəməsi deyil". 

Zərərçəkmiş Eldar Hənifəyev deyib ki, F. Məmmədxanov əvvəlcədən borclu olduğunu etiraf etsəydi, iş məhkəməyə kimi gəlib çıxmazdı: "Verilən pulun məbləği böyük olsa da, mənim üçün böyük pul deyil. Bunlar mənə qara yaxdılar, adımı sələmçi çıxartdılar. Onu tutdurmaq niyyətim yox idi. Onun 5-10 il həbsdə yatması mənə heç nə verməyəcək. Vəkillərimlə məsləhətləşmək üçün vaxt verin". 

Proses aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 185 min manat mənimsəməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

DİN-dən verilən açıqlamaya görə, F.Məmmədxanov həbsindən 6 ay əvvəl barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Murad Əhməd