Burada əynində şort olanlara ətək geyindirirlər - Fotolar+Video

burada-eyninde-sort-olanlara-etek-geyindirirler
Oxunma sayı: 6596

- Müsəlmansınız? 

- Bəli. 

- O zaman keçə bilərsiniz. Amma bunu bizə sübut edin. 

- Necə?

- Şəhadət gətirin. 

- Əşhədü Ənna İlahə İlləllah, Əşhədu-ənna Muhəmmədən Rəsulallah.   

- Keçin. 

Bizimlə belə 1 dialoqa girən nəzarətçi şort geyindiyimizi görüb ayaqlarımız görünməsin deyə xüsusi ətəyə bənzər geyimi təqdim edir.

Fələstin-İsrail münaqişəsinin tam mərkəzi: Yərusəlim və ya Qüdsün gözəlliyi insanı bir anlıq orta əsrlərə aparır. Dünya tarixini özündə cəmləşdirən planetin mərkəzini gördükdən sonra Səlib yürüşlərinin səbəbini anlamaq çətin olmur. Səlib yürüşü edənlərin nəslindən gələnlər indi də Qüdsdən əl çəkmirlər. Gün ərzində milyonlarla avropalı turist Əl-Əqsa məscidinin ətrafını gəzib-dolaşır, ulu babalarının ala bilmədiyi torpaqlardan xatirələrlə dönürlər.  

Həcc ziyarətindən sonra insan tıxacının ən çox rast gəlindiyi yer yəqin ki, buradır. Bu yerlərin oxşar digər cəhətləri də var. Bura da arzularını, dualarını etmək istəyənlər toplaşır. “David Şəhəri”nin divarına söykənib ağlayanlar həm də saatlarla Tövrat oxumaqla məşğul olurlar. 
 
Tanrının şəhəri adlandırılan Qüdsü həm də multikulturalizmin məbədi adlandırmaq olar. Bütün dinlərin birləşdiyi şəhərdə məhəllələr də insanların inancları üzərində bölünüb. Müsəlmanların da, yəhudilərin də, xristianların da ayrı küçələri var. 

Şəhərin hər tərəfində İudaizmə sadiq, dini geyimli çoxlu insan görmək mümkündür. 

İsrail və Fələstin hər ikisi Qüdsün paytaxtı olduğunu iddia etsə də, bu, beynəlxalq səviyyədə tanınmır. Lakin şəhər bütövlükdə İsrail əsgərlərinin nəzarətindədir. 

Onlarla maraqlı söhbətimiz alınır:

- Siz fələstin əsgərləsiniz? Şəkil çəkdirmək istəyirdik (Geyimləri çox çirkli olduğu üçün əvvəl gördüyümüz əsgərlərdən fərqli sayıb fələstinli olduqlarını zənn etdik)

- Fələstinlisiniz? Sizinlə qətiyyən şəkil çəkdirə bilmərik. 

- Biz turistik, azərbaycanlıyıq, Bakıdan gəlmişik.

- Başa düşmürük. 

- Rusiya, Azərbaycan, qonşu ölkələr. 

- Rusiya? Davay brat, davay, net problem. 

Zəif rus dili bilgiləri ilə dünyanın ən böyük ölkəsinə olan xüsusi məhəbbətlərini göstərirlər. ABŞ-la yaxınlığı nəzərə alaraq insanların daha çox ingilis dilində ünsiyyət quracağınızı düşünsək də, hər şey fərqli idi. İnsanların daha çox rusca bilməsi bizi təəccübləndirir.

Ardı olacaq…

Elsevər Məmmədov