“Burada yaşayan xeyirxah dostlarımdan eşitmişəm ki...” - Patriarx Kirill

burada-yasayan-xeyirxah-dostlarimdan-esitmisem-ki
Oxunma sayı: 5382

“Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill prezident İlham Əliyevlə görüşü zamanı deyib” 
“Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. 

Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var.

Bir məqamı da vurğulamaq istərdim ki, bu gün Moskvada, ümumiyyətlə, Rusiyada sizin xalqınızın çoxsaylı övladları yaşayır. Onlar müasir Rusiyanın həyatında - həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynayırlar. Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlər də çox uğurlu və dinc şəkildə qurulur. Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir. Lakin bu, həm də o cümlədən əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır.

Başqa sözlə desək, bizim ölkələrimiz, xalqlarımız arasında münasibətlərdə müsbət cəhətlər çoxdur. Mən bu münasibətlərin inkişafını alqışlayıram. Hesab edirəm ki, bu münasibətlər çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir. Fikrimcə, bu münasibətlərin potensialı hələ tükənməyib. Sizi əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsində Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbdən çalışan etibarlı tərəfdaşlarınız var.

Sizinlə bu gözəl görüş imkanına görə təşəkkür edirəm və bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə sevinirəm. Biz sizinlə bir neçə il bundan əvvəl burada görüşmüşdük və deməliyəm ki, Bakıya hətta ötəri nəzər salanda burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infrastruktura malik olan gözəl, çox gözəl şəhərə çevrilir. Burada çoxlu gözəl binalar ucaldılıb. Paytaxtdakı böyük dəyişikliklər münasibətilə sizi təbrik etmək istərdim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitmişəm ki, müsbət dəyişikliklər təkcə paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək istərdim”.