Ürəyiniz də burdadırmı?

ureyiniz-de-burdadirmi
Oxunma sayı: 648

Bu, günümüzün reallığıdır. Bəlkə də taledir və bu taledən, bu reallıqdan qaçmaq mümkün deyil. Dünyada ərazisinə, əhalisinə görə ölkəmizdən qat-qat böyük şəhərlər, meqapolislər var və mənə elə gəlir, istər mental, istərsə də siyasi-ictimai və s. nöqteyi-nəzərdən o şəhərlərdə yaşamaq, çalışmaq, müəyyən sahədə fəaliyyət göstərmək Azərbaycanda yaşamaqdan, işləməkdən daha asandır. Azərbaycanlı olmağın, Azərbaycanda yaşamağın məsuliyyəti böyükdür. Bu məsuliyyətə məhəl qoymamaq, bu xalqın yazılmamış qanunlarına önəm verməmək istənilən şəxsin tərcümeyi-halında izlər buraxır.

Bunu xüsusilə də siyasətə aid etmək gərəkdir. Azərbaycanın müstəqilliyinin cəmi iyirmi yaşı var . Bu iyirmi illik kiçik zaman kəsiyi - ən yeni tariximiz hər birimizin gözləri önündə cərəyan edib. Əksərimiz bu şərəfli tarixin yaradılmasının, yazılmasının iştirakçıları və şahidləriyik. Bizi aldatmaq olar? Kim necə düşünür, düşünsün, mən hesab edirəm ki, mümkün olan deyil. Kimsə, xüsusən də populyar, tanınmış bir isim və ya isimlər boylarından böyük, pafoslu bəyanatlarla siyasət səhnəsinə atılanda həqiqət bütün çılpaqlığı ilə dinləyicinin, oxucunun gözləri qarşısında canlanır. İstər-istəməz xatırlamalı olursan: bu adam, bu möhtərəm şəxs bir il öncəyədək belə danışmırdı axı. Vallah da, billah da danışmırdı. Birdən-birə nə baş verdi ki, bu şəxslərin düşüncələrində, dünyagörüşündə, hadisələrə münasibətində belə ciddi dönüş yarandı? İnsanın bunca sürətlə dəyişməsinin ciddi, çox ciddi səbəbləri olmalıdır, məncə...

Söhbət nədən gedir? Ziyalılar Forumunun bu günlərdə bir toplantısı keçirilib və etiraf etmək gərəkdir ki, siyasət cameəsində rezonans doğurub. İmzasına hörmət etdiyim jurnalistlərdən biri bu tədbiri“ zəlzələ”yə bənzədir. Anlaşılandır, çünki Ziyalılar Forumunun bu dəfəki iştirakçılarının sırasında yeni simalar var. Amma onların orda olması “zəlzələ”dirmi? Gəlin, real olaq. O toplantını o halda zəlzələylə müqayisə etmək olardı ki, hazırda vəzifəsi, statusu, lap konkretləşdirsək, mandatı olan ziyalılar bir araya gələydi və hakimiyyətin siyasətini tənqid edəydi. Onda mən də sizə qoşulub deyərdim ki, bəli, bu, zəlzələdir. Hakimiyyətin qayğısı ilə əhatə olunan ziyalı da həyatından narazıdırsa, deməli, problem var və dartışılmalıdır.

Əzizlərim, gəlin, həm də səmimi olaq: çünki səmimiyyət olmayanda ziyalılıq da olmur. Hər kəs bilir ki, bu şəxslərin əksərinin həmin fikirləri bir müddət əvvəl, beş il, üç il, hətta on il əvvəl daha mötəbər tribunalardan, lap dəqiq desək, parlamentin məlum iclaslarından səsləndirmək imkanları olub. Onda niyə susurdular? Vəziyyət çox yaxşıydı, ona görəmi? Ya da durum birdən-birə, qəflətən, cəmi bir il, beş ay, beş il olar ki, pisləşib, bəlkə buna görə?

Bir il, beş il əvvələdək ona görə dillənən yoxuydu ki, bizim bu “müstəqil mövqeli ziyalı”larımızın maraqları təmin olunurdu. Vəzifələri, satatusları vardı, qanun qadağan etsə də, biznesləri vardı və hər şey gözlərinə gözəl, möhtəşəm görünürdü. Beş il əvvəl parlament seçkiləri keçiriləndə hörmətli “eks”lərimizin heç biri iddia etmirdi ki, seçki saxtalaşdırılıb, səslər oğurlnıb. Əksinə, bunu deyənin səsini batırırdılar. Korrupsioner məmurların da adını çəkən yoxuydu. Ən başlıcası, yüksək çinli məmurların heç biri “sovet düşüncəli” olduğuna görə “ittiham” olunmurdu.

Mandat yoxdu, vəzifə yoxdu, yaxud hansısa xahişiniz, arzunuz yerinə yetirilməyib, hansısa layihənizə dəstək verilməyib deyə, bir göz qırpımında demokrat, plüralist, dissident oldunuz? Haqq-ədalət axtarışına çıxdınız? Müsahibələrinizi xatırlayıram, yəqin ki, hamı xatırlayır, hökuməti cani-dildən müdafiə edirdiz son vaxtlaradək. Beynəlxalq təşkilatların məlum hesabatlarını tənqid atəşinə tuturduz. Azərbaycan hakimiyyətinin əleyhinə çıxan avropalı parlamentariləri qeyri-obyektivlikdə suçlayırdız. Super dövlətlərin rəhbərlərini Azərbaycana münasibətinə görə bihörmət edirdiz. İndi nooldu? Son prezident seçkilərində prezidentin vəkili olanlarınız var, xalq qarşısında çıxış etmisiz, hökumətin böyük uğurlarından danışmısız, xalqı buna inandırmısız. İndi belə çıxır ki, dediklərinizə heç özünüz inanmamısız?..

Heç kəs inciməsin, mən bu mövqenin sahiblərini ziyalı saya bilmirəm. Ziyalıya ona görə ziyalı deyilmir ki, elmlər doktoru, professor, ya akademikdir. “Ziya” – işıq deməkdir. İşıq yoxdursa, ziyalılıq da ola bilməz. Şəxsi maraqlardan bir addım önə çıxa bilməyənlərin milli maraqları müdafiə etməsi, “milli birlik” ideyasına dəstək istəməsi, yumşaq ifadə etsək, gülməlidir. Ən azı, biz bilirik ki, bu şəxslər heç vaxt müstəqil olmayıblar, heç olmaq da istəməyiblər, indi nə baş verir?

Müxalifətsə tələm-tələsik sevinməyə başlayır ki, bəs iqtidaryönlü ziyalılar müxalifətin mövqeini bölüşür. Acımamaq mümkün deyil: doğrudan, bu qədər sadəlövhsünüz? Əgər onların nə iqdidar, nə də müxalif yönlü deyil, məhz şəxsi yönlü olduğunu görmürsüzsə, siyasətlə məşğul olmağa nə gərək var?

Bürclər haqqında kitablarda Dolça bürcü haqqında yazılır: bu bürcə aid olan bir qisim insanlar var, onlar müharibənin dəhşətlərini və məşəqqətlərini o zaman anlayırlar ki, özləri ac qalırlar. Ziyalı Forumunun toplantısı mənə - müqayisə bəsit görünsə də, - “dolça”ları xatırlatdı. Vəzifə, status əldən gedib, bu hörmətli zatlara bəlli olub ki, ölkədə vəziyyət “ürəkaçan deyilmiş”. Dünyada gedən proseslərdən, “ərəb inqilablarından” nəticə çaxarmaq gərəkmiş. Allah, Allah! Parlamentdə olsaydız, vəzifə daşısaydız, deməzdizmi ki, inqilab hara, Azərbaycan hara?

İnanıram ki, deyərdiz. “Mən Heydər Əliyevi övladlarımdan çox sevirəm” demisiz vaxtilə, bu gün “sovet düşüncəli” adlandırdığınız məmurları da “müstəqil Azərbaycan dövləti bu insanların çiyinlərində bərqərardır” demisiz...
Təbii ki, heç kəsi fikirlərini dəyişdiyinə görə dar ağacından asmaq olmaz və bu cür ittihamlarla dəfələrlə üzləşən biri kimi, mən də belə mövqeni bolşevizm sayıram. Plüralizm yalnız fərqli fikirlilik deyil, həm də fərqli fikrə dözümlülükdür.

Amma Azərbaycan məhz o ölkələrdəndir ki, haradan, hansı yöndən baxırsan bax, burada iqtidarla müxalifət arasında cızılmış xətt aydın görünür. Burada iki cəbhə var, üçüncüsü yoxdur. Meydana çıxırsansa, ya hakimiyyətin yanında olmalısan, ya müxalifətin. Üçüncü qüvvə yoxdur. Bəlkə də heç vaxt olmayacaq.
İndi İsa Qəmbər bəyan edirsə ki, on nəfərə yaxın iqtidaryönlü deputat onu dəstəkləyir, ona ismarıclar göndərilir, hər halda, düşündürücüdür...

Əgər İqtidar partiyasının rəhbərliyində təmsil olunan, iqtidar partiyasının siyahısı ilə mandat sahibi olan deputatın sorağı İsa Qəmbərin kabinetindən gəlirsə, bu da düşündürücüdür...
İndi necə başa düşək, bu yoldaşlar həm iqtidarçı olmaq istəyir, həm müxalifətçi? Eyni vaxtda hər ikisi olmaq mümkündürmü? Ya bəlkə bunu kəmfürsətlərin “ekstremal situasiyalara hazırlığı” hesab edək?
Mənə görə, əsl ziyalı mövqeyini tanınmışlarımızdan yalnız bircə nəfər göstərə bilib: Əkrəm Əylisli. Milli Məclisdə otura-otura bəyan elədi ki, bura onluq deyil və bir də deputatlıq istəyinə düşməyəcək. İstəsəydi, yenidən deputat ola bilərdi. Amma sözünün üstündə durdu. Bu gün komplekssiz-filansız hakimiyyətin uğurlarını təqdir, uğursuzluqlarını tənqid edir.

Bax, bu Əkrəm Əylisli – bir il əvvələdək Milli Məclisdə günlərini sayan və günlərini saydığına görə əksəriyyəti heyrətə salan Əkrəm Əylisli daha səmimidir, nəinki dünənəcən hakimiyyəti mədh edənlər – bu gün “koppupsioner” adlandırdıqları məmurların kabinetlərində dünənəcən mandat üçün göz yaşı axıdan “ziyalı”lar...
Yəni əslində məsələ budur: müxalifətçilik heç kəsə qadağan olunmayıb, müxalifət düşərgəsinin qapıları hər kəsin üzünə açıqdır. Hakimiyyəti dəstəkləmək, hakimiyyətə rəğbət bəsləmək də həmçinin. İstənilən seçimi etmək hərənin öz əlindədir. Sadəcə, demək istəyirik ki, səmimi olun.

Ya orda olun, ya burda. Harda olursuzsa, olun. Ürəyinizin istədiyi yerdə olun, ancaq səmimi olun...
“Özü burda, ürəyi orda” olmaq olmaz...
Sizdən başqa bir şey tələb edən yox...