Burnumuzdan gətirdilər

burnumuzdan-getirdiler
Oxunma sayı: 1874

Fərid Hüseyn

Bəzi saytları açan kimi ölkədaxili turlarla bağlı elanlar adamın gözünə girir… Turizm şirkətləri cürbəcür şəkillərlə “ova çıxır”. Şərtlər o qədər uyğun, cəlbedici olur ki, oxuyub ürəklənirsən. sevinirsən… Zəng edib əlaqə saxlayandasa adama elə dil tökürlər, mehribanlıq edirlər ki, səyahət arzun bir az da böyüyür… Beləcə ödəniş edirsən…

Sonra deyilən vaxtda gəlirsən Nərimanov metrosunun yaxınlığındakı deyilən yerə… İlk problem ordan başlayır ki, avtobus deyilən vaxtda çıxmır… Bilirsən ki, bu vaxt itkisi gün ərzində səni müşayiət edəcək…

İlk andaca tura rəhbərlik edənlərin naşılığı göz deşir və başa düşürsən ki, səni aparan adam budursa, o qədər də işıqlı yol görünmür… Daha sonra avtobusun darlığından da aydın olur ki, əlavə oturacaqlar artırılıb. Hamının narahatlığına səbəb odur ki, artırılan iki nəfərlik oturacaqlardan daha çox qazanmaq istəyirlər…

Gəlib çatırıq “Asma körpü” deyilən yerə. Bir nəfər körpüyə çıxmaq üçün 50 qəpik ödəməlidir. Deyilənə görə körpüyə eyni vaxtda 4 nəfərdən çox adam çıxması təhlükəlidir. Ancaq körpünün üstündə 15 nəfər birdən çıxıb. Hətta 4 yaşında uşaq Allah ümidinə buraxılıb körpüyə. Körpünün iki tərəfindən də adamlar gəlib-gedir… Tur rəhbəri kimin harda nə qədər qaldığından, nə vaxt qayıdacaqlarına nəzarət etmir…

Sonra gəlib yetişirsən Lahıca… Tur rəhbəri Lahıca yetişən kimi deyir ki, bir saat gedin Lahıcın sənətkarlar olan, muzey yerləşən küçəsini gəzib gəlin restorana... Hərə bir vaxt qayıdır yeməkxanaya… yeməkxanaya çatanda tur rəhbəri yemək üçün verilən pulları qaytarır və deyir ki, bizə sərf etmir... Restoranda elə restorandır ki, nə qulluq edənlər tapılır, nə də sərin su… Hərə bir tərəfdə əyləşib nəsə yeyir. Bəzi adamlar qulluqçulara çiy yeməkləri geri qaytarırlar.

Hamının üzündə narazılıq oxunur… Daha sonra məlum olur ki, guya şəlaləyə gedəcəyik, ordan gələndə çay içməyə Gətirirlər bizi bir ünvana ki, ucuz çay verirlər, şəlalə deyilən o sızanaq yaxınlıqda yerləşir. Gedib həmin sızanaq şəlaləyə də baxıb qayıdırıq…

Üz qoyuruq Bakıya… Tur yenə də səhər gəldiyi restoranda saxlayır çay içirik… Yenə də ofisiant və çay tapılmır… Heç nə qaydasında deyil…

Müştərilərin çoxu tövbə edir ki, bir də qələt edərəm belə səfərə çıxaram… Qalır çəkilən şəkilləri səfərə çıxanlara çatdırmaq. O işdə də bir problem yaradırlar, deyirlər ki, gəlib ofisdən aparmalısınız…

Belə… “Atlas” adlı turizm mərkəzi (travel) bizi belə yorur, belə bezdirir və yeyib-içdiyimizi burnumuzdan belə gətirir… Bu yazıda qeyd olunanlar bir günlük Lahıc turu ilə bağlı idi, belə şirkətlərlə bir həftəlik səyahətə çıxıb ancaq saç ağartmaq mümkündür, istirahət yox...

Zənnimcə, ölkəmizin turizminin inkişafını düşünən kəslər, eləcə də adiyyatlı qurumlar, məncə, bu cür agentliklərin fəaliyyətinə nəzarət etməli, səviyyəsinin artırılması üçün əllərindən gələni əsirgəməməlidirlər... Əks təqdirdə insanlarımız vətənimizi gəzmək söhbətini qatlayıb qoyacaq bir kənara, xarici turistlər isə turizm şirkətlərinin bu cür səriştəsi xidmətlərini görsələr yəqin bir də səyahət fikrinə düşəndə ölkəmizin adını tutmazlar...