Uşaq bağçaları Misir Mərdanovdan alındı

usaq-bagcalari-misir-merdanovdan-alindi
Oxunma sayı: 677

Prezident İlham Əliyev Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədi ilə qərar verilib:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də bu Sərəncamla bağlı zəruri dəyişikliklərin layihəsinin bir ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin.