“Bütün avtobuslar kart sisteminə keçəcək” - Şad xəbər

butun-avtobuslar-kart-sistemine-kececek
Oxunma sayı: 657

2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobuslar kart sisteminə keçəcək.
 
"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məlumat verib.

Agentlik rəsmisi deyib ki, hazırda bəzi sərnişin avtobusları standartlara cavab vermir:

"Bunun üçün sərnişindaşımada fəaliyyət göstərən şirkətlər qarşısında şərt qoymuşuq ki, avtobuslar yenilənsin. Əgər yenilənməsə belə, həmin avtobusların xarici və daxili görkəmi dəyişməlidir. Avtobuslar yenilənəndən sonra onlarda da kart sistemi tətbiq ediləcək".

Onun sözlərinə görə, bu ilin sonu, 2018-ci ilin ilk 3 ayında bu prosesin başa çatması gözlənilir: "Həmin vaxtdan etibarən paytaxt daxilində bütün marşrutlar kart sisteminə keçəcək".

V.Kərimli  Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobusların olduğunu da vurğulayıb:

"Hazırda Bakıda marşrut xətlərində 2100 avtobus fəaliyyət göstərir. Onlardan 2083-nə fərqlənmə nişanı verilib. Amma fərqlənmə nişanları almayan avtobusların olması barədə də məlumatımız var. Biz bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik".